Təhsil Nazirliyi və media nümayəndələri İsmayıllı rayonunda olub – FOTO

20:15 14-10-2021 3

Təhsil Nazirliyinin nümayəndələri və media nümayəndələri İsmayıllı rayonuna mediatur çərçivəsində 44 günlük Vətən müharibəsində şəhid olan şəhərin 3 nömrəli məktəb-liseyinin tarix müəllimi Famil Əhmədzadənin ailəsini ziyarət edib.

milletinsesi.info-ın məlumatına görə, bu gün şəhidin anım günüdür. 

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Vətən müharibəsində 20 təhsil işçisi qəhrəmancasına vuruşaraq şəhid olub: 

“Şəhid müəllim bütün ölkə vətəndaşlarının, eləcə də ailə üzvləri və şagirdlərinin başını uca etdi. Özündən sonra tarix yazıb gedən qəhraman müəllim daim xatirələrdə qalacaq”. 

Şəhidin ailə üzvləri onun həyatından, müəllimlik fəaliyyətindən bəhs ediblər. 

Şəhidin anası Sənubər Əhmədovanın sözlərinə görə Famil Əhmədzadə 3 dildə sərbəst danışmağı bacarıb:

“Çox savadlı müəllim idi. Həm məktəbi, həm də universiteti əla qiymətlərlə, qırmızı diploma bitirmişdi. 

Özünün çox sayda əlyazmaları var idi. Müharibəyə gedəndə həmin əlyazmaları da özü ilə aparmışdı. Çox istərdik ki, həmin əlyazmaları toparlayaq. Lakin təəssüf ki, onlarən hamısı müharibədə itdi”.

Şəhidin atası Ağaəhməd Əhmədov il mərasiminə gələn hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, Təhsil Nazirliyi heç zaman onların ailəsini diqqətdən kənar qoymur, onların qayğıları ilə maraqlanır.

Qeyd edək ki, F.Əhmədzadə 2020-ci ilin oktyabr ayının 14-də Suqovuşan istiqamətdə şəhidlik zirvəsinə ucalıb. 

Qəgraman müəllim ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

İlhamə Əbülfət