“Biz” tarixi-sənədli filminin İstanbulda mükafatlandırma mərasimi olacaq

16:30 14-10-2021 2

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə birgə istehsal etdiyi, Vətən müharibəsində şanlı zəfərə həsr olunan “Biz” tarixi-sənədli filminin İstanbulda mükafatlandırma mərasimi olacaq.  

Filmdə Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi qələbədə oynadığı rol göstərilir.

Ekran əsərində həm əsgərlərimizin, həm də sadə vətəndaşların müharibə dövründə keçirdiyi mənəvi və psixoloji ruh yüksəkliyi, emosiyalar, hisslər, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlının qələbəyə sona qədər inam bəsləməsi öz əksini tapıb.

Filmin ərsəyə gəlməsində ideya müəllifi və rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev başda olmaqla, Bakı Media Mərkəzinin yaradıcı heyətinin geniş rolu olub. 

Prodüseri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev, Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar olan, montajını Əsgər Rəhimovun həyata keçirdiyi filmin yaradıcıları hesab edirlər ki, Azərbaycan Vətən müharibəsindən qalib ayrılmaqla öz gücünü və imkanlarını nümayiş etdirib.

Qeyd edək ki, film Türk Dünyası ölkələri VI sənədli film festivalının xüsusi mükafatına layiq görülüb.