Bakıda polis şöbəsini su basdı

14:05 14-10-2021 5

Ötən gün Binəqədidə polis şöbəsini su basıb.

milletinsesi.info-ın əldə etdiyi məlumata görə, hadisə dünən axşam saat 18:00 radələrində Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində baş verib.

İlkin məlumatlara görə, kanalizasiya suyu daşaraq, ətraf ərazilərə, eləcə də Binəqədi Rayon DYPŞ-nin inzibati binasının həyətinə dolub.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı milletinsesi.info-a açıqlamasında məlumatı təsdiq edib:

“Hadisə barədə araşdırma aparılıb. Məlum olub ki, dünən “Azərsu”nun Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasından qaynaqlanıb. Belə ki, həmin stansiyanı elektrik enerjisi ilə təmin edən xəttə eyni zamanda bir neçə sənaye müəssisəsi də qoşulub. Həmin sənaye müəssisələrindən birində yaranan problem səbəbindən elektrik enerjisinin verilişi dayanıb və sistem qapandığı üçün nasosxana işləməyib.

Nəticədə tullantı suları kənarlaşdırılmadığından ətraf əraziləri su basıb. Hadisə barədə xəbər daxil olan kimi dərhal əraziyə aidiyyəti qurumlardan da əməkdaşlar cəlb olunub. Ona qədər isə tərəfimizdən əraziyə toplanan tullantı sularının bir qisminin təxliyə xətləri vasitəsilə kənarlaşdırılması həyata keçirilib. Problem aradan qaldırılıb”.

Könül Cəfərli