“Ağılları”nın qurbanı olan piyadalar və ya 3-5 dəqiqəni həyatlarından üstün tutanlar

17:10 13-10-2021 3

Gündəlik həyatımızda dəhşətli qəza xəbərləri qaçılmaz olur. Bu günü də ağır qəza xəbəri ilə açdıq. Hava limanı – Mərdəkan yolunda baş verən qəzada beş nəfər həlak oldu, 25 nəfər isə yaralandı. Qəzanın görüntüləri isə insanda vahimə yaradır. Sanki “yol terroru” adlandırdığımız anlayış bu qəzada özünü sübut edir. Gündəlik yollarda baş verən qəzaların səbəbləri müxtəlif olur. Budəfəki qəzanın səbəbi kimi sürücünün yuxulaması göstərildi. Bu hadisədən yola çıxaraq, bəzi məsələlərə diqqət yetirməyə qərar verdim. 

Bugünlərdə Yol Polisi rəsmiləri tərəfindən verilən son açıqlamalar qəzaların səbəbləri haqqında belə bir cümlə diqqətimi çəkdi: Baş verən hadisələr arasında piyadanın vurulması ilə nəticələnən qəzaların sayı da çoxdur. 

Baş Dövlət Yol Polisi İdarəsinin dünənki statistikasına nəzər yetirək: 

“Ötən gün respublika ərazisində ölümlə nəticələnən 4 yol qəzası qeydə alınıb ki, 4-ü də piyada vurma hadisəsidir və 4 nəfər piyada həyatını itirib. Araşdırma zamanı məlum olub ki, piyadaların vurulması halları yolun hərəkət hissəsində, piyadaların hərəkəti üçün müəyyən edilməmiş yerlərdə baş verib. Odur ki, piyadalardan bir daha xahiş edirik ki, onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan zolaqlardan, yeraltı və yerüstü keçidlərdən istifadə etsinlər, öz həyatlarını təhlükəyə atmasınlar”.

Bu gün başıma gələn bir hadisədən və həmin olayın törədə biləcəyi fəsadlardan danışacam. 

Həmişəki kimi səhər saat 07:45-də Sumqayıtdan Bakıya hərəkət edəcək elektrik qatarına çatmaq üçün avtomobilimə əyləşdim. Evimizlə dəmir yol stansiyası arasında olan məsafəni şəxsi avtomobillə 7-10 dəqiqəyə qət etmək olur. 

Qısası, yola düşdüm, özü də qarşıda məni hansı stressin gözlədiyinin fərqinə belə varmırdım. Dəmir yolu vağzalına çatmağıma az qalmış qarşıda hərəkət edən yolsuzluq avtomobilinin sürücüsü qəfil sürəti azaldıb, heç bir xəbərdaredici siqnal vermədən yolun sağ istiqamətinə çəkildi. Bu zaman həmin avtomobilin hansı səbəbdən sağa istiqamətləndiyini anlamırdım, ta ki qarşımda orta yaşlı bir qadının piyadalar üçün nəzərdə tutulmayan yerdən, yavaş addımlarla yolu çəpəki keçməsini görənə qədər... Özümü itirməyib dərhal sükanı sağa burdum və qəzadan yayına bildim. Qeyd edim ki, həmin nöqtədən 20 metr geridə və 50 metr qarşıda piyada keçidləri var. 

Hadisənin stressindən, şokundan ayılmaq asan deyil. Nəticəsi fərqli olsaydı, nələr ola bilərdi? Qadının yaxınları, ailə üzvləri buna necə reaksiya verəcəkdi? 

Yol Polisi rəsmilərinin piyadalara dəfələrlə etdiyi müraciətə vətəndaşlar niyə məhəl qoymur? Bəlkə bu müraciətləri cəza tədbirləri ilə əvəzləmək lazımdır? 

Suallar çoxdur. İnsanlar 3-5 dəqiqə vaxt itirəcək deyə həyatlarını təhlükəyə atır. Ancaq bununla da kifayətlənmirlər. Dəfələrlə sürücülərin yollarına çıxdıqları piyadaları vurmamaq üçün sərt manevrlər etdiyinin, daha ağır nəticələrə səbəb olduğunun şahidi olmuşuq. Piyadalar tək özlərinin deyil, sürücülərin, avtomobildə olan digər sərnişinlərin, eləcə də başqa avtomobillərdəki insanların həyatlarını təhlükəyə atırlar. Axı, 3-5 dəqiqəyə görə bu qədər insanı ölümlə üz-üzə qoymaq nəyə lazımdır? 

Başıma gələn başqa bir hadisə ilə yazıma son vermək istəyirəm. İşıqforun yaşıl işığında ata və azyaşlı övladı dayanmışdı. Ata övladına işıqforun piyadalar üçün nəzərdə tutulmuş işarəsinin yanacağını və bundan sonra yolu keçmək lazım olduğunu başa salırdı. Bu zaman yekəpər bir gənc yolu keçməyə başladı və azyaşlının atasına sualı: “Bəs o oğlan niyə keçdi?” Ata çıxış yolunu “ağılsızdır” deyib keçməkdə gördü. 

Gəlin qaydalara riayət edək, gələcəyimiz olan uşaqlara örnək olaq, onlarda yol mədəniyyətinin yaranmasında yardımçı olaq. Axı hər birimizin evdə gözləyəni var!

Samir İsayev