Parlamentin iki günlük iclası: Yesir qalan yol polisi, bir tarixçi deputatın digərinə söz atması – REPORTAJ

14:15 13-10-2021 3

Milli Məclisin 11-12 oktyabr tarixlərində iclasları keçirildi. Deputatları bu dəfə bir araya toplayan səbəb “Müstəqillik haqqında” qanun layihəsinin müzakirəsi və qəbulu idi.

İki gün davam edən iclasda həmin layihə iki oxunuşdan keçdi, indi növbəti iclasda deputatlar üçüncü oxunuşda layihəni müzakirə edəcəklər. Parlamentdə səslənən fikirlərdən anlamaq mümkündür ki, layihənin qəbulu mütləqdir, mətnində isə bəzi ifadələrin dəyişdirilməsi istisna deyil.

Biz budəfəki reportajımızda iki gün davam edən iclasda cari məsələlərin müzakirəsi zamanı səslənən fikirlərə daha geniş yer verəcəyik.

Öncəliklə deyim ki, iki məsələ haqqında – Zahid Orucun İranın Xankəndi üzərindən qeyri-qanuni maliyyə əməliyyatları və Siyavuş Novruzovla Vahid Əhmədov arasında olan “istiqlalçı deputat” mübahisəsinə yer verməyəcəyik, çünki bunlarla bağlı ayrıca yazılarımız olub.

Cari məsələlərin müzakirəsi zamanı ilk sözü deputat Rəşad Mahmudov alır,  tibb ixtisasına uyğun olaraq koronavirusa qarşı peyvəndlənmədən danışır. Vaksinasiyasının həssas təbəqədən olan insanlara münasibətdə məcburi tələbinə qarşı çıxır. Çünki bir sıra təhsil müəssisələrində hamilə qadınlardan vaksin pasportu tələb edilir, Rəşad müəllim deyir ki, bu, düzgün deyil.

“Hamilə qadınlara “Əks-göstəriş sertifikatı” verilməsi də hüquqi baxımdan düzgün deyil. Ona görə təklif edirəm ki, hamilə qadınlardan və uşaq əmizdirən analardan peyvənd və “Əks-göstəriş sertifikatı” tələb olunmasın”, - deyə Rəşad Mahmudov əlavə edir.

Rəşad müəllim, bilirsinizmi bu qarışıqlıq niyə yaranıb? Bəli, vaksinasiya vacibdir, biz özümüz də peyvənd olunmuşuq, amma zamanla vaksinasiyaya dair müzakirələrdə kortəbii təbliğat getdi, düzgün mühakimələr əvəzinə az qala peyvənd vurdurmayanlara qarşı “cəbhə” açıldı.

Bu qarışıqlıq, qeyri-müəyyənlik buradan qaynaqlanır. Həm də, etiraf edək ki, vaksin məsələsi ümumiyyətlə qlobal miqyasda da etirazlar yaradır.

Cari məsələlərin müzakirəsi zamanı bədii-estetik, obrazlı desək, parlamentin iclas zalında “tıxac yaranır”. İndi isə həmin ifadəni həqiqi mənası ilə izah edək.

Deputat Fazil Mustafa mikrofonu açıb Bakıda nəqliyyatın hərəkətinin iflic olmasından, insanların tıxacların girovuna çevrilməsindən bəhs edir. Düzü, tıxaclar dünyanın ən böyük şəhərlərində də mövcuddur, amma Bakıdakı tıxacların analoqu yoxdur, təsəvvür edin ki, Bakı-Sumqayıt yolu yenidən quruldu, hər kilometrinə 800 000 manata yaxın xərc çəkildi (yol çəkilişi böyük xərc tələb edir), amma tıxac düzəlmədi ki, düzəlmədi.

Eləcə də, digər ərazilər, ən pisi isə budur ki, aidiyyəti qurumlar işi bacarmadıqlarını etiraf etmək və yaranan problemə görə üzr istəmək əvəzinə, ya sükuta qərq olur, ya da ki, işlərindəki böyük nöqsanları malalamağa çalışırlar.

Elə Fazil müəllim də deyir ki, qurumlar hesabat verməlidir, ictimaiyyəti məlumatlandırmalıdırlar ki, tıxac probleminin həlli üçün hansı addımlar atılacaq və sair.

Vallah Fazil müəllim, yaxşı deyirsiniz, amma dəqiq bilmirik qurumlar sizin tənqidinizdən sonra özlərini silkələyib ən azından şəxsi məsuliyyətləri önündə hesabat verəcək, ya yox. İctimai hesabat insanın özünü şəxsi mühakiməsindən keçir, görünür ki, qurumların tıxacları aradan qaldırmaq üçün reseptləri yollarda tıxaca qarşı immunitet yaratmaq gücündə deyil.

Niyə? Neqativ halmı var? Bunlar maliyyə yoxlamaları nəticəsində aşkara çıxa bildiyi kimi, çıxmaya da bilər. Ancaq nəticə ürəkaçan deyil, insanların isə ürəkləri tıxaclarda aldığı stress və əsəbdən dolayı gün keçdikcə yüklənir, aqressiya yaranır.

Nəticə olmayan yerdə isə qurum rəhbərliyi istefa verməlidir, axı bu, çətin iş deyil! Yəni, “bacarmadım, üzr istəyirəm” demək ayıb bir iş deyil axı!

Fazil Mustafa yol polisinin də tıxaclarda “yesir qaldığını” bildirir, and ola Fazil müəllim, çox düz deyirsiniz! Adam tıxaclar zamanı bilmir öz halına ağlasın, yoxsa yol polisinin. Nəqliyyatın hərəkəti “tupik”ə dirənəndə bu yazıq polis nə etməlidir?

Hə, Fazil müəllim, inciməyin, amma vəziyyətin bu yerə çatmasında parlamentin də “əməyi” var. Çünki büdcə müzakirələrində Milli Məclis hökuməti proqnozlaşdırılan xərclər və onların icrasının nəticələrinə dair iclasda mühakimə etmək gücü ilə ortaya çıxa bilmir.

Sabir Rüstəmxanlı bahalaşmadan danışır, Sabir müəllim, bu bahalaşma elə sürətlə vüsət alır ki, hansı məhsulun hansı zamanda qiymətinin qalxdığını da müəyyən edə bilmirik. Qarşıdan büdcə müzakirələri gəlir, bu çıxışınızı elə hökumətdən hesabat istəmək üçün zəmin hazırlanması kimi dəyərləndiririk.

Keçək parlamentin oktyabrın 12-də keçirilən iclasına! Razi Nurullayev yenə böyük həyəcan və xüsusi seçilmiş sözlərlə “hücuma” keçir, bu dəfə ölkədəki səhiyyə sisteminə qarşı. İcbari tibbi sığorta mexanizminin çökməsini bildirir. Səsinin tonunu bir az da qaldıraraq deyir:

“Bilirsiniz ki, nə qədər insanın canı inciyir, incidilir, qapıdan qapıya, xəstəxanadan xəstəxanaya, poliklinikadan poliklinikaya ötürülür? Lap futbol topu kimi. Bu cür pulsuz səhiyyə olmaqdansa, normal qiymətə pullu olsa, daha yaxşı idi. Qonşu ölkələr necə olur ki, effektiv edə bildi, bizdə bu icbari sığorta 20 ildir ki, düzəlmir”.

Düzü, tibb sahəsindəki hüquqi bilgilərimin məhdudluğunu nəzərə alaraq Razi Nurullayevin dediyinə münasibət bildirməyəcəyəm.

Amma səhiyyə sistemi həqiqətən də bərbaddır, təsəvvür edin, bəzi həkimlər pasiyentə potensial gəlir mənbəyi kimi baxır və alçaqcasına aldatmaq işinə belə girişir. Belə həkimlər müqəddəs peşənin qara yaralarıdır, onlar nə qədər çox ifşa edilsə, bir o qədər yaxşıdır.

Tahir Kərimli çıxışına giley-güzarla başlayır, hökuməti tənqid edir, bəzən də əsəblərini cilovlaya bilmir.

Tahir müəllim hökumətin deputatların qaldırdığı məsələlərin əksinə qərarlar verdiyini deyir.

Yəni, deputat deyir bahalaşma olmasın, bunun əksi baş verir, deputat deyir ki, uşaqpulu bərpa olunsun, amma tam əksini görürük.

Tahir müəllim, bilirəm, qarşıdan büdcə müzakirələri gəlir, indidən problemləri qabartmağınız hökuməti arqumentlər axtarışına çıxaracaq.

Görək, bahalaşma və digər iqtisadi sahələrdəki problemlərin səbəbini necə əsaslandıracaqlar. Təbii ki, müzakirələrdən qaçmasalar. Ancaq Tahir müəllim, çıxış edərkən əsəblərinizi idarə etmək lazımdır, onsuz da sizin əsəbləşməyinizin tənqid etdiyiniz subyekt üçün əhəmiyyəti yoxdur.

“Müstəqillik haqqında” qanun layihəsinin müzakirəsi haqqında da bir neçə cümlə izhar etmək lazımdır.

Oktyabrın 11-də iclas zamanı layihənin geniş şəkildə müzakirəsi üçün Milli Məclis sədri Sahibə Qafarova deputatlara böyük imkanlar tanıdı.

Deputatlara çıxış üçün 10 dəqiqə vaxt verildi, hərçənd ki, bəzi deputatlar çıxışların müddətinin 5 dəqiqəyə endirilməsinə israr edirdi.

Vallah bu deputatlardan da baş açmaq olmur, 10 dəqiqə verilir, çox hesab edirlər, 5 dəqiqə olanda isə deyirlər ki, müzakirə üçün şərait yaradılmır. Doğurdan da, cənab deputatlar, ironiyadan uzaq bir sualdır - siz nə istəyirsiniz?... Nə isə, keçək qanun layihəsinin mahiyyətinə.

Həmin qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, оktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması təklif edilir.

Həmin günlər hər il bayram kimi qeyd ediləcək.

Birinci vitse-spiker Əli Hüseynli birinci oxunuş zamanı layihənin təqdimatını edir, o bildirir ki, layihə məntiqi və hüquqi cəhətdən əsaslandırılıb. Belə ki, adların dəqiqləşdirilməsi zərurəti yaranır.

Hazırda 28 may tarixi Respublika Günü kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür. 18 oktyabr isə Milli Müstəqillik Günüdür və iş günüdür.

Əli Hüseynli qeyd edir ki, Azərbaycan 1918-ci ildə müstəqillik qazanıb, Azərbaycan Xalq Cümhuriyyətində respublika modelli idarəetmə üsulu olub.

1991-ci ilin 18 oktyabrında isə müstəqillik bərpa edilib, yəni Azərbaycan AXC-nin varisi kimi önə çıxaraq öz müstəqilliyini elan edib.

Dəqiqləşdirmə ilə bağlı izahlar məntiqlidir.

Oktyabrın 12-də ixtisasca tarixçi olan vitse-spiker Fəzail İbrahimli bəlağətli nitq söyləyir, Azərbaycanın tarixi ilə bağlı məqamları əsl natiq kimi sadalayır.

Yəni, tarixi bilgilərim yüksək səviyyədə olmadığı üçün Fəzail müəllimin çıxışına yalnız üslub cəhətdən qiymət verirəm, çıxışının mahiyyətinə isə toxunmuram.

Amma sən demə, Fəzail müəllimin çıxışı bizə xoş gəlsə də, digər tarixçi alim Musa Qasımlının daxilində etiraz hissinin yaranmasına səbəb olub.

Fəzail müəllimin çıxışından bunları xatırlayıram ki, cənab professor Azərbaycan adının ilk dəfə IX əsrdə işləndiyini, bu adın sonralar siyasi leksikondan çıxmasını bildirib.

“Cümhuriyyət elan olunanda isə dövlətə hansı adı seçməklə bağlı polemika var idi. Məsələn, Fransada inqilab baş verdi, amma dövlətin adı Fransa oldu. Çünki əvvəldən də ad Fransa idi. Cümhuriyyət liderlərinin tarixdə ən böyük işlərindən biri Azərbaycan adını dövlətin adına gətirmək oldu. Bu müstəqilliyə bərabər addım idi. O vaxt da buna görə sinəmizə çökdülər. Ona görə cümhuriyyət liderləri Qafqaz Azərbaycanı ifadəsini sənədlərə saldılar. Bu qanunun qəbulunun mahiyyəti çox genişdir”.

Musa Qasımlı isə çıxışında bəzi tarixi faktların təhrif olunduğunu deyir, Fəzail müəllimin adını çəkməsə də cənab Qasımlının həmkarına söz atdığı aydın sezilir.

Nə olur olsun, təki, müstəqilliyimiz, müstəqilliyimizin bərpasının keşməkeşli yolları unudulmasın. Bu tarix qanla yazılıb, xalq məşəqqətlərdən keçib.

Təki heç nə unudulmasın...

Aqşin Kərimov