Əmlak bazarında qiymətlər: Ən ucuz kirayə mənzillər neçə manatdan başlayır?

13:40 12-10-2021 6

Bakıda mənzillərin kirayə qiymətləri artdığı təqdirdə, fərdi yaşayış və bağ evlərinin kirayə qiymətləri azalıb.

milletinsesi.info-ın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə etdiyi rəqəmlərə əsasən verdiyi məlumata görə, sentyabr ayı ərzində paytaxtda kirayə mənzil və evlərə tələb artıb.

Belə ki, paytaxt üzrə kirayə mənzillərin orta qiyməti 877 manata bərabər olub. Əvvəlki ayla (avqust) qiymətlərdə 13,2 faiz, ötən ilin eyni dövrü ilə müqayisə isə 5,9 faiz artım qeydə alınıb.

Mənzillərin hər kvadrat metrinə görə orta qiymət doqquz manatı təşkil edib. Bu, qiymətlərdə aylıq və illik müqayisədə 7,4 faiz artım deməkdir.

Ötən ayın göstəricilərinə görə, birotaqlı mənzillərin ortalama kirayə qiyməti 415 manat, ikiotaqlı mənzillərin ortalama kirayə qiyməti 460 manat, üçotaqlı mənzillərin ortalama kirayə qiyməti 627 manat olub.

Çoxotaqlı mənzillərin ortalama kirayə qiyməti isə 827 manatı təşkil edib. Bir il ərzində paytaxt üzrə çoxotaqlı mənzillərin kirayə qiymətləri azalıb.

Paytaxtda aşağı dəyərli mənzillər 413,6 manatdan, orta dəyərli mənzillər 739 manatdan, yüksək dəyərli mənzillər isə ortalama 1 722 manatdan kirayə verilir. 

Mənzil kirayəsi üzrə tələb sentyabr ayında 4,1 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 60,1 faiz azalıb.

Sentyabr ayında fərdi yaşayış və bağ evlərinin kvadratmetrinə görə qiyməti 6,8 manat olub. Ay ərzində qiymətlər 9,6 faiz, il ərzində isə 6 faiz azalıb.

Bakıda fərdi evlərin ortalama aylıq kirayəsi 1 420 manatı təşkil edib. Bir ay ərzində qiymətlərdə 23,5 faiz, il ərzində isə 35,3 faiz azalma müşahidə olunub.

Paytaxtda yüksək dəyərli fərdi evlər 3 006 manatdan, orta dəyərli fərdi evlər 658 manatdan, aşağı dəyərli fərdi evlər isə ortalama 312 manatdan kirayə verilib. 

Sentyabr ayında fərdi yaşayış və bağ evlərinə tələb əvvəlki ayla müqayisədə 56,8 faiz, illik müqayisədə isə 46,8 faiz artıb. 

Nigar Məmmədova