Deputat: “Mənə deyirlər ki, sən heç bir təklif vermə”

11:40 12-10-2021 3

Milli Məclisin iclasında deputat Tahir Kərimli tənqidi çıxış edib.

milletinsesi.info-ın məlumatına görə, T.Kərimli bildirib ki, ölkədə məhkəmə hakimiyyətinin aliliyi təmin edilməli, investisiya mühiti yaradılmalıdır. 

“Siz bir Tarif Şurası yaratmısınız, arxasında gizlənmisiniz. Biz deyirik ki, ölkədə qiymətlər aşağı salınsın, amma bunun nəticəsi yoxdur. Nə deyirik, hər şey tərsinə olur. Bəzən mənə deyirlər ki, sən heç bir təklif vermə, onsuz da onun əksini edirlər”, - deyə T.Kərimli əlavə edib. 

Deputat qeyd edib ki, ölkədə məhkəmə hakimiyyətinin aliliyi təmin edilsə, bu, investorlar üçün də cəlbedici olar: 

“Bilirsiniz niyə? Çünki investor mübahisəli məsələlər yaranarsa, ədalətli qərar veriləcəyinə əmin olar. Qarşıdan büdcə müzakirələri gəlir. Hökumət üzvləri yenə Milli Məclisə gələcək, ora baxacaq, bura baxacaq. Hərdən hökumət üzvləri başını qaldırıb sağa baxacaq, sanki Tahir Kərimlini növbəti dəfə yol polisi saxlayıb. Səhiyyədən danışacağıq, səhiyyə naziri cavab verməyəcək... Prezident səni vəzifəyə qoyub, üzərinə düşənləri et, islahatlar keçir! Nə vaxta kimi xalqdan qaçacaqsınız?!”

T.Kərimli daha sonra əlavə edib: “Bir dənə istehsal sahələri qurmursunuz. Camaata deməyə sözümüz yoxdur. Biz 50 manat verib, bir çaynik çay içirik, rayonda isə 9-10 kişi toplaşır ki, 10-20 qəpikdən “atışaq” 1 çaynik çay içək!”

Aqşin Kərimov