Güləş millimizin məşqçiləri koronavirusa yoluxdu

00:55 23-11-2020 10

Güləş üzrə Azərbaycan milli komandasında koronavirusa kütləvi yoluxma baş verib.

Yoluxanlar sırasında Arif Abdullayev (sərbəst güləş üzrə əsas millisinin məşqçisi), Rövşən Hacıyev (sərbəst güləş üzrə gənclər millimizin məşqçisi), Rövşən Umudov (qadın güləşi üzrə millimizin məşqçisi), Oyan Nəzəriani və Ağahüseyn Mustafayev (çimərlik güləşi üzrə millimizin baş məşqçisi və məşqçisi) var.

Həmçinin sərbəst güləşçilərdən yeniyetmələrin Olimpiya, yeniyetmələr və U-23-lər arasında dünya çempionu, yeniyetmələr və gənclər arasında Avropa çempionu Turan Bayramov da yoluxub.

Məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyası da açıqlama yayıb. Məlum olub ki, güləşçilərdən təkcə Turan Bayramov koronavirusa yoluxmayıb:

“Azərbaycan Güləş Federasiyası pandemiyanın Azərbaycanda yayıldığı ilk günlərdən məsələyə həssas yanaşıb. Məhz bu səbəbdən bir neçə ay yığma komandaların məşqlərinə ara verilib. Yalnız iyun ayından milli komandalar üçün məşq etməyə icazə verildikdən sonra hazırlıq prosesinə start verilib. Ancaq məşqlərdə yalnız əsas komandaya daxil olan güləşçilərin iştirakı nəzərdə tutulub. Bu da sırf dekabrda Serbiyada keçiriləcək Fərdi Dünya Kuboku ilə bağlı keçirilən hazırlıq prosesindən ibarətdir.

Nəzərinizə çatdıraq ki, güləşçilər və məşqçilər arasında koronavirusun yayılmaması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Olimpiya Güləş Mərkəzində giriş qapılarında dezinfeksiya məhlulları quraşdırılıb və güləşçilər arenaya daxil olarkən bundan istifadə edir. Eyni zamanda, hər məşqdən əvvəl bütün heyətin hərarəti bir-bir yoxlanılır və temperaturu yüksək olanlar məşqdə iştirak etmir.

Mütəmadi olaraq güləşçilərdən və məşqçilərdən testlər götürülməklə yanaşı, federasiyanın təlim-məşq bazası, yataqxanası və ofisi tez-tez dezinfeksiya olunur.

Cümə günü növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb.

Azərbaycan Güləş Federasiyası koronavirus pandemiyası ilə mübarizədə bütün profilaktik tədbirləri görməkdədir və bu məsələdə maksimum həssaslıq nümayiş etdirir”.

Qeyd edək ki, daha əvvəl yeniyetmə və gənc qızlardan ibarət millinin məşqçisi İsaməddin Hüseynov vəfat edib. Onun da koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

Səbuhi Musayev