Mərkəzi Bank: Valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilib

13:10 21-11-2020 7

2020-ci ilin yanvar-sentyabr aylarında manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.

Bu barədə Mərkəzi Bankın “Pul Siyasəti İcmalı” ilə bağlı hesabatında məlumat verilib.

Hesabatda bildirilib ki, xarici mühitdə baş verən proseslərin neqativ təsirlərinə baxmayaraq hökumətin və Mərkəzi Bankın birgə həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində valyuta bazarında stabillik qorunub.

Hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilib ki, bu da pandemiya ilə əlaqədar olaraq xarici iqtisadi əməliyyatların zəifləməsi ilə bağlı olub.

Dövr ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4,1 faiz azalaraq 18,7 milyard ABŞ dollar ekvivalentində olub.

Nağdsız valyuta əməliyyatlarının 86,7 faizi ABŞ dollarında, 13,3 faizi isə digər valyutalarda aparılıb.

Valyuta əməliyyatlarının 36,2 faizi banklararası valyuta bazarında (BVB), 63,8 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Dövr ərzində BVB-də əməliyyatların 99,3 faizi ABŞ dollarında, 0,5 faizi avroda, 0,2 faizi isə digər valyutalarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 11,2 milyard dollar ekvivalentində olub ki, bunun da 79,4 faizi ABŞ dolları ilə əməliyyatlar təşkil edib. Valyuta əməliyyatlarının 93,6 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Nigar Məmmədova