Ermənilərin Ağdamı atəşə tutması pambıq yığımını gecikdirib - FOTO

13:10 21-11-2020 9

Ağdam rayonunun Mirəşelli kəndində pambıq yığımı həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin Fermer Koordinasiya Şurasının üzvü, pambıqçı Eldar Qasımovun sahəsində pambıq yığımı zamanı orta məhsuldarlıq 40 sentnerdən çox olub.

Fermer jurnalistlərə açıqlamasında bildirib ki, Mirəşelli kəndinin əkin sahələri erməni silahlı birləşmələrinin mütəmadi atəşinə məruz qalsa da, kənd camaatı əkin prosesini təqvim planına görə həyata keçirib.

Noyabrın 10-dan Rusiya rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanmasına dair anlaşma bəyanatı imzalandıqdan sonra Ağdam rayonunun atəş xəttinə yaxın ərazilərində pambıq yığımına start verilib.

“Ötən il 47 sentner məhsul götürmüşdüm. Bu il məlum səbəblərdən yığım prosesi bir qədər ləngidi. Buna rəğmən ilk yığımda 40 sentnerdən çox məhsul götürmüşəm. İkinci yığımda bu göstərici daha da yüksələcək. Ordumuzun zəfəri sayəsində artıq təmas xətti anlayışı keçmişdə qaldı, növbəti ildən torpaqlarımızı daha rahat əkib-becərəcək, daha çox məhsul götürəcəyik”, - deyə fermer bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu il pambıqçılıqda ölkə üzrə orta məhsuldarlıq göstəricisi çox yüksəkdir. 

Nazirlik rəsmisi bildirib ki, sentyabrın 27-dən başlayaraq erməni hərbi birləşmələrinin cəbhə xəttinə yaxın əraziləri mütəmadi atəşə tutması, mülki əhalini, aqrar infrastrukturu, kənd təsərrüfatı texnikasını hədəfə alması həmin ərazilərdə pambıq yığımını həyata keçirməkdə çətinliklər yaradıb. Bu səbəblərdən ötən il yüksək məhsuldarlıq qeydə alınmış Tərtər və Ağdam rayonlarında, Füzuli, Ağcabədi və Bərdənin cəbhə xəttinə yaxın ərazilərində pambıq yığımını həyata keçirmək çətinləşib.

Qeyd edək ki, ölkə üzrə pambıq yığımı davam edir. Yığım prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.