Deputat: “Azərbaycançılıq” Мemorial Кompleksi təşkil olunsun”

11:50 20-11-2020 3

“Yaxın beş il müddətində Azərbaycanın bütün inzibati vahidlərində qəhramanlıq səlnaməsini əks etdirən müasir “Azərbaycançılıq” Мemorial Кompleksi təşkil olunsun”. 

Bu təkliflə Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edib.

Deputat milletinsesi.info-a bildirib ki, minlərlə ləyaqətli Azərbaycanlılar igidlik nümayiş etdirərək, öz canları və qanları hesabına tariximizin qəhramanlıq səlnaməsini yazmış və Vətənin bundan sonra da göz bəbəyi kimi qorunmasını gələcək nəsillərə miras qoymuşlar: 

“27 sentyabr 2020-ci il tarixində başlayan Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalmış övladlarımızın da qanı yerdə qalmayacaq, onların adları daima əbədiləşdiriləcək. Müharibədə şücaət göstərmiş əsgərlərimiz, arxa cəbhədə onlar qədər yuxusuz qalmış el oğullarımız, eləcə də bütün Azərbaycan xalqı əminəm ki, hər bir şəhidimizə diqqət və böyük hörmət nümayiş etdirəcək, dövlətimzin qorunması və ərazi bütövlüyümüzün bərpasında onların göstərdikləri qəhramanlıq tariximizin şanlı səhifələrində öz layiqli yerini tutacaq və təbliğ olunacaqdır.

Bu gün Azərbaycanın elə bir rayon və kəndi yoxdur ki, onun Qarabağ-Vətən Müharibəsində ruh yüksəkliyi ilə iştirak edən vətənpərvər övladlarından şəhadət zirvəsinə yüksəlməyənlər olsun. Buna görə də şəhid igidlərimizin xatirələrini əbədiləşdirmək üçün ölkəmizin hər bir şəhər və rayonunda Qarabağ-Vətən Müharibəsinin şəhidlik memorial kompleksinin yaradılmasına dair konsepsiya hazırlansın, dövlət proqramı işlənilsin”