Bakıda iki maşın toqquşdu, digər ikisi isə qəzaya baxanlara çırpıldı - FOTO/VİDEO

03:15 19-10-2020 5

Axşam saatlarında Bakının Səbail rayonunda dörd avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV-nin məlumatına görə, qəza Jurnalistlər Binası kimi tanınan ərazidə qeydə alınıb.

Rasim Rzayev idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan zaman sola dönmə əməliyyatı etmək istəyib. Bu zaman eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi əks yola çıxıb. Nəticədə, qəza qaçılmaz olub.

“Opel” markalı avtomobillə toqquşan “Mercedes” bir neçə metr irəliyə getdikdən sonra dayana bilib.

Daha sonra şəhər istiqamətində hərəkətdə olan “Chevrolet” markalı maşın “Opel”lə toqquşub. Bu zaman “Chevrolet” və “Opel” hadisənin baş verdiyi əraziyə toplaşan dörd nəfərə xəsarət yetirib.

Qarşıdan gələn və İqor adlı şəxsin idarə etdiyi “Mistubishi” markalı avtomobil isə toqquşan avtomobillərə dəyib.

Hadisə zamanı ümumilikdə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobillər isə deformasiyaya uğrayıb.

Əraziyə Səbail Rayon Polis İdarəsinin, Dövlət Yol Polisi və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.