Tramp yanlışlıqla Makronu baş nazir adlandırdı

09:50 18-10-2020 4

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronu baş nazir adlandırıb.

TASS xəbər verir ki, o, Miçiqan ştatında çıxışı zamanı Fransa liderinin vəzifəsini düzgün səsləndirməyib:

“Mən baş nazir olan Makronu çox sevirəm, amma bir dəfə ondan razılıqla bağlı vəziyyətin nə yerdə olduğunu soruşdum. Razılıqla bağlı işlər o qədər də yaxşı deyil”, - deyə ABŞ lideri İqlimə dair Paris razılaşması barədə danışarkən deyib.

Hazırda Fransada baş nazir postunu Jan Kasteks tutur. Onu bu vəzifəyə Emmanuel Makron özü təyin edib.

Qeyd edilir ki, 2017-ci ilin avqustunda ABŞ İqlimə dair Paris razılaşmasından çıxıb. Razılıq 2015-ci ildə imzalanıb və inkişaf etməkdə olan ölkələrə iqlim problemlərinin həlli üçün 100 milyard dollar ayrılmasını nəzərdə tutur.