Ermənistan niyə Gəncəni vurmaq istəyir? - ŞƏRH

17:55 17-10-2020 5

Ermənistan Silahlı Qüvvələrinin bu gün təxminən saat 01:00 radələrində Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı raket düşmənin bir daha çirkin niyyətini ortaya qoymuş oldu.

Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdləridir. Lakin Paşinyan və Qarabağın separatçı quldur rejimin rəhbərliyi hələ də dərk edə bilmir ki, Azərbaycanın yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin hər dəfə raket atəşinə tutulması vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmir, əksinə, onu daha da yüksəldir.

İndi gələk həmin gecəyə. Düşmənin əsl məqsədi nədir? Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibəsi Şuşan Stepanyan bu gün Gəncədəki hədəflərinin nə olduğunu açıqlayıb:

1. Gəncə hava limanı (O, iddia edir ki, bu ilin avqustundan etibarən Türkiyənin F-16 qırıcıları burada təlim keçib və guya orada qalıb);

2. S-125 Hava Hücumundan Müdafiə Qoşunu;

3. Müharibə Sənayesi Nazirliyinə tabe olan hərbi sənaye kompleksi;

4. Daxili Qoşunlar.

İndi düşmənin vurduğu hədəflərə baxaq. Onların Gəncədə hansısa hərbi nöqtəni vurduğunu görmüsünüz? Yox. Hətta ilk dəfə Gəncəyə raket atdıqlarında saxta informasiya yaymış, özlərinə haqq qazandırmaq üçün hərbi aerodromu (onların hərbi məqsədlərlə istifadə etdiyimizi bildirdikləri hava limanını nəzərdə tuturlar – S.M.) vurduqlarını bildirmişdilər.

Lakin düşmənin hədəfi nə olub? Yalnız və yalnız mülki vətəndaşlarımız və mülki obyektlər. İndiyədək Gəncədəki raket atışmalarından hansısa hərbçimiz və ya hərbi obyektimiz zərər görməyib. Burdan belə başa düşmək olar ki, ya düşmən hərbi hədəfləri vurmaq baxımından çox qeyri-peşəkar orduya malikdir və bu baxımdan Azərbaycanın şanlı ordusu ilə müqayisə belə edilə bilməz. Və ya düşmən yuxarıda qeyd etdiyimiz kimi, gücünü mülki əhaliyə göstərməklə ölkə daxilində çaxnaşma salmaq niyyəti güdür.

Bu gün əminliklə demək olar ki, Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib. Tarixən Gəncə sakinləri yağı düşmənə qarşı necə qorxmaz olubsa, bu gün də elədir. Onların hər dəfə “düşmən bizi qorxuda bilməz, öz tarixi, ata-baba evlərimizi bir raket atışına görə əsla qoyub qaçmarıq” tipli açıqlaması hər şeyi bu baxımdan sübut edir.

Gəncə əhalisi, ümumilikdə bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini istəyir və tələb edir.

Burda vurğulanmalı bir məqam da odur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirir, beynəlxlq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozur. Beynəlxalq ictimaiyyət bütün bunları görməzdən gəlməməli, mülki əhaliyə qarşı həyata keçirən terakt tək sözdə qınanmamalı, həmçinin Ermənistana müvafiq sanksiyalar tətbiq olunmalıdır. Əgər bunu beynəlxalq birlik etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaq.

Əslində Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə hazırda layiqli cavabını alır da. Elə oktyabrın 16-17-də düşmən mövqe, texnika və canlı qüvvə baxımından böyük itkilərə məruz qalıb. Füzuli şəhəri, xeyli sayda kənd işğaldan azad olunub. Heç bir ay keçməmiş Azərbaycanın rəşadətli ordusunun əks-hücumları nəticəsində iki rayon, iki böyük qəsəbəni itirən düşmən başını itirib, nizamsız şəkildə bütün imkanlarından yararlanmağa çalışır. Lakin anlamaq lazımdır ki, indi Azərbaycanın 90-cı illərdən fərqli, nizamlı ordusu var və heç bir əlavə qüvvə olmadan öz işğal edilmiş torpaqlarını geri qaytarmaq əzmindədir. 

Səbuhi Musayev