İşğaldan azad edilmiş Cəbrayıldan eksklüziv görüntülər - FOTO

18:15 16-10-2020 6

Bu gün milletinsesi.info-ın çəkiliş qrupu rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Cəbrayıl rayonunun kəndlərindən birində olub.

Səfər Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən təşkil edilib.

Həmin kənddən olan görüntüləri təqdim edirik: 

Kənddə heç bir tikiliyə zərər dəyməyib. Aşağıdakı fotolardan da göründüyü kimi, pəncərələrdəki şüşələr belə bütövdür və zərər görməyib. Bu, Azərbaycan Ordusunun mülki əhali ilə müharibə etmədiyinin müəyyən dərəcədə bariz göstəricisidir. Onun hədəfi Azərbaycan torpağında məskunlaşmış terrorçulardır.

Cəbrayıl Qarabağda qədim yaşayış məskənlərindən biridir. 19-cu əsrin əvvəllərində Cəbrayıl da Qarabağ Xanlığının digər şəhər və kəndləri kimi, Rusiya İmperiyasının tərkibində olub.

1873-cü ildə Cəbrayıl və ətraf kəndlər Şuşa qəzasından çıxarıldı və Yelizavetpol (Gəncə) quberniyasının tərkibində Cəbrayıl qəzasını təşkil etdi. Bu qəzanın ərazisi yalnız Cəbrayılın deyil, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan bölgələrinin də mövcud ərazilərini əhatə edirdi. 1905-ci ildə Cəbrayıl qəzası Karyagin adlandırıldı. Qəzanın tarixi adı Azərbaycan Xalq Cümhuriyyəti dövründə bərpa edilib.

1930-cu il, avqustun 8-də Cəbrayıl rayonu indiki hüdudlarında quruldu.

Sovet dövründə Cəbrayıl Azərbaycanın Cəbrayıl rayonunun inzibati mərkəzi olan şəhər tipli yaşayış məntəqəsi idi. Burada yağ-pendir, şərab hazırlayan zavodu var idi və xalça istehsalı inkişaf etdirilirdi.

1993-cü il, avqustun 23-də Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Azərbaycan ordusunun 27 sentyabr, 2020-ci ildə başlayan genişmiqyaslı əks hücumu zamanı Cəbrayıl rayonunun bir sıra yaşayış məntəqələri azad edilib. Oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad olunduğunu elan etdi. Oktyabrın 9-da Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanın dövlət bayrağının rayon mərkəzinin dağıntıları üzərində qaldırılmasının görüntülərini yaydı.

...Cəbrayıla gedən yolda Dostluq Bulağı adlı məşhur yer var. Burada divar Sovet dövründə dağ bulaqlarından təmiz su axan 15 bulaqla (keçmiş Sovet respublikalarının sayına görə) tikilib. Dostluq Bulağı da həmçinin əzəmətli Azərbaycan Ordusu tərəfindən azad edilib.

Rauf Nəsirov