Cəbhə zonasında bir çox kəndin qaz təchizatı bərpa edildi

12:35 16-10-2020 5

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə bağlı olaraq uzun müddət qaz təchizatı dayandırılmış bəzi yaşayış məntəqələrinə qazın verilişi bərpa edilməkdədir.

“Azəriqaz”dan verilən məlumata görə, Tərtər rayonu üzrə artıq 30 kənd qazla təchiz olunub, yalnız Tərtər şəhəri və 21 kəndin qaz təchizatında məhdudiyyət qalmaqdadır.

Bildirilib ki, Füzuli rayonu üzrə də qazla təmin olunan yaşayış məntəqələrinin sayında artım var. Rayonun 38 yaşayış məntəqəsinə təbii qaz verilib, iki yaşayış məntəqəsində isə qaz təchizatı məhdudlaşdırılıb. Ağdam rayonu üzrə 14 yaşayış məntəqəsi təbii qazla təmin edilib, digərlərində məhdudiyyət qalmaqdadır. Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı isə 27.09.2020-ci il tarixindən məhdudlaşdırılıb. Beyləqan və Bərdə rayonlarında hazırda qaz təchizatı tam olaraq bərpa olunub.