Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti videokonfrans formatında iclasda iştirak etdi

13:45 17-09-2020 2

Sentyabrın 15-də Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin (SSBK) XIII Assambleyasının videokonfrans formatında iclası keçirilib. İclasda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərliyi ilə Konfederasiyanın nümayəndə heyəti də iştirak edib.

Bununla bağlı Azərbaycan Sahibkarlar Konfederasiyası məlumat yayıb. 

Tədbirdə SSBK-nın Şura sədri Vasili Pavloviç Tarlev Məmməd Musayevin Şura Sədrinin müavini kimi Konqresin bütün tədbirlərində fəal iştirak etdiyini, sahibkarlığın inkişafına böyük töhfə verdiyini xüsusi vurğulayıb.
 
Konqresin XIII Assambleyasında SSBK-nın üzvlüyünə qəbul, SSBK Şurasının və Təftiş Komissiyasının üzvlərinin seçilməsi, SSBK Prezidentinin növbəti dövr üçün təsdiqlənməsi və onun Konqresin gələcək fəaliyyətinin prioritet istiqamətləri, onun həyata keçirilmə prinsipləri və formaları haqqında məlumatı kimi məsələlərə baxılıb. İclasda ASK prezidenti Məmməd Musayev yenidən növbəti müddətə Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının sədr müavini, SSBK-nın Türkiyə Respublikası, Orta Şərq və Afrika ölkələrinin işgüzar dairələri ilə qarşılıqlı əlaqələr üzrə Koordinasiya Şurası sədrinin müavini Elçin Seyidov Şuranın üzvü, ASK prezidentinin baş məsləhətçisi Məhəmmədəli Əfəndiyev isə təkrarən Şuranın Təftiş Komissiyasının üzvü seçiliblər. 

Tədbirdə SSBK Prezidentinin məlumatı ətrafında Milli sahibkarlar təşkilatlarının bir qrup rəhbərləri ilə yanaşı ayrı-ayrı nüfuzlu təşkilat rəhbərləri, o cümlədən Avroasiya iqtisadi komissiyasının inteqrasiya və makroiqtisadiyyatın əsas istiqamətləri üzrə Kollegiya üzvü - Nazir, akademik Qlazev Sergey Yuryeviç, Moskva Ticarət-Sənaye Palatasının Prezidenti Platonov Vladimir Mixayloviç, Rusiya Biznes və Sahibkarlıq Akademiyasının Prezidenti Qorbulina İrina Vyaçeslavovna, Elmi İstehsalat “İqtisadi strategiya institutu”nun Baş direktoru Aqeev Aleksandr İvanoviç və digərləri çıxış ediblər.
 
Çıxışlarda əsasən ayrı-ayrı ölkələrdə pandemiya şəraitində və pandemiyadan sonrakı dövrdə sahibkarlığın inkişafı, dövlət-biznes əlaqələri ,qarşılıqlı tərəfdaşlıq məsələləri öz əksini tapıb. Daha çox yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunub. SSBK-nın 2021-ci ildə keçiriləcək növbəti Assambleyası zamanı müzakirəyə çıxarılması şərtilə, Şuraya üzv qurumların və ekspert qruplarının iştirakı ilə Konqresin İnkişaf Strategiyasının işlənib hazırlanması, Konqresin mövcud olan bütün imkanları ilə üzvlərin uğurlu və səmərəli işinin təmin edilməsi, eləcə də aidiyyəti fəaliyyətin həyata keçirilməsi üçün hüquq, maliyyə, bank və əməkdaşlıq sahələri də daxil olmaqla müasir dəstək formalarının praktikada tətbiqinin təşviq edilməsi, həmçinin SSBK-nın gələcəkdə fəaliyyət prioritetlərinin uğurlu formada həyata keçirilməsi məqsədilə müvafiq qərarlar qəbul edilib. 

Daha sonra, aidiyyəti məsələlərin müzakirəsi ilə Assambleya öz işini yekunlaşdırıb. 

Xatırladaq ki, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Avropa və Asiyanın işgüzar dairələri təşkilatlarının könüllü ictimai birliyi olmaqla 1992-ci ilin fevral ayında yaradılıb. Hazırda MDB, Mərkəzi Avropa, Asiya, Afrikanın 28 ölkəsindən sənayeçilər və sahibkarların 30 milli ittifaqı Konqresin tərkibindədir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 1999-cu ildə təsis olunaraq fəaliyyət göstərir və Konfederasiya həmin vaxtdan etibarən Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin fəal üzvlərindəndir. 

Konqresin bir sıra Şura və Rəyasət heyətinin iclasları, beynəlxalq konfransları Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının ev sahibliyi ilə Bakı şəhərində keçirilmişdir. Konqresin rəhbərləri və mütəxəssisləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının bütün tədbirlərində təmsil olunublar. 2011-ci ildən etibarən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev fasiləsiz olaraq Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının sədr müavini seçilib.