Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Üzvlərinin Məclisi keçirildi

12:26 17-09-2020 4

Sentyabrın 16-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvlərinin növbəti Məclisi keçirilib.

Bununla bağlı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Üzvlərinin Məclisi məlumat yayıb. 

Məclisdə 68 gənclər təşkilatının nümayəndələri iştirak edib. Məclisdə açılış nitqi ilə ARGTMŞ-nın sədri Məryəm Məcidova çıxış edib. 

Sonra ARGTMŞ-nın Baş katibi Azər Əliyev 2020-ci ilin mart-sentyabr aylarını əhatə edən fəaliyyət hesabatını təqdim edərək, bu müddət ərzində həyata keçirilmiş layihələr və tədbirlər haqqında təqdimat edib. 

Sonra Şuranın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sona Abdullayeva ARGTMŞ-nın son altı aylıq maliyyə hesabatını təqdim edib.

Məclis Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin sədri Fərhad Abdulov, Böyük Yol Gənclər İctimai Birliyi sədri Qoşqar Qurbanov və “Erasmus” Tələbə Şəbəkəsi - Azərbaycan İB (ESN) sədri Orduxan Qəhrəmanzadənin ARGTMŞ-ya tam hüquqlu üzv olmaq üçün müraciətlərinin dinlənilməsi ilə davam edib. Sədrlərin çıxışlarından sonra onlayn səs vermə həyata keçirilərək, müvafiq təşkilatların üzvlüyə müraciəti səsçoxluğu ilə qəbul olunub. 

Gənclər Təşkilatlarının Resurs Mərkəzinin təqdimatı ilə çıxış edən ARGTMŞ-nın Üzv təşkilatlarla iş üzrə katibi Fatimə Vəliyeva Resurs Mərkəzinin fəaliyyəti barədə danışaraq, üzv təşkilatların hansı qaydalar və şərtlər daxilində Mərkəzdə rezidentlik əldə etməsi və istifadəsi məsələlərinə toxunub. 

Məclisin yekunu olaraq səsvermə keçirilib və ARGTMŞ-nın XVII Hesabat-Seçki Qurultayı 21 noyabr 2020-ci il üçün təyin edilib.