Bozkırın Baş Assambleyanın 75-ci sessiyasının prezidenti seçilməsinin Azərbaycan üçün əhəmiyyəti - ANALİZ

09:53 17-09-2020 3

2020-ci il sentyabrın 15-də BMT Baş Assambleyasının 75-ci sessiyası öz işinə başlayıb. 

Hələ bir neçə ay öncə, iyunun 17-də BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti vəzifəsinə Volkan Bozkır seçilib. İlk dəfədir ki, Türkiyədən olan nümayəndə BMT Baş Assambleyasının Prezidenti vəzifəsinə seçilib. Bu, son illərdə Türkiyənin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir.

Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, həm də V. Bozkıra təbrik məktubları göndərib. Prezident İlham Əliyev Türkiyə Prezidentinə ünvanladığı məktubda qeyd edib: 

“Sizin rəhbərliyiniz altında həyata keçirilən Türkiyə diplomatiyasının ardıcıl və uğurlu fəaliyyəti sayəsində ölkəniz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Şəxsi təşəbbüsünüzün nəticəsində BMT sistemi tarixində Türkiyə nümayəndəsinin ilk dəfə belə mühüm vəzifəyə seçilməsi xəbəri bizi olduqca sevindirdi”.

İlham Əliyev V. Bozkıra ünvanladığı məktubda isə qeyd edib: 

“Azərbaycan Respublikası həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində Sizinlə yaxından əməkdaşlıq etməyə, əlaqələrimizi hərtərəfli genişləndirməyə hazırdır”.

V. Bozkır peşəkar diplomatdır. Zəngin siyasi və diplomatik karyeraya və təcrübəyə malikdir. Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri olub. 2011-ci ildə Türkiyə Parlamentinin üzvü seçilib və Türkiyədə son vəzifəsi Parlamentin xarici işlər komitəsinin sədri olub. V. Bozkır Azərbaycan Xarici İşlər Nazirliyinin 100 illik yubileyinə həsr edilən medalla təltif edilib.  

V. Bozkırın sədrliyi dövrü çox vacib və eyni zamanda mürəkkəb bir dönəmə təsadüf edir. Bütün dünya COVID-19 pandemiyası kimi təhdidlə üz-üzədir.  

Azərbaycan BMT-nin fəal və məsuliyyətli üzvü kimi BMT Baş Assambleyasının 75-ci sessiyasının işində yaxından iştirak edəcək. Azərbaycan V. Bozkıra sədrliyi dönəmində lazımi dəstəyi göstərəcək. 75-ci sessiyanın gündəliyində COVID-19 pandemiyasından əlavə, bir sıra digər önəmli məsələlər də yer alıb. Bu məsələlər arasında Azərbaycan üçün ən önəmli olan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı ənənəvi bənd də var.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr edilən xüsusi sessiyası 10 iyul 2020-ci il tarixindən rəsmi olaraq öz işinə başlayıb.

Həmin müddətdən etibarən ilk olaraq xüsusi sessiyanın prosedur tipli məsələləri müzakirə edilib və artıq bəzi qərarlar qəbul edilib. BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır 14 sentyabr 2020-ci il tarixində, həmçinin xüsusi sessiyanın da prezidenti seçilib.
 
Mövcud təcrübəyə əsasən, adətən sessiyaların sədrinin seçilməsinə dair prosedur xarakterli qərarlar hamılıqla, ümumi razılıq əsasında verilir. Lakin bütün mümkün vasitələrlə xüsusi sessiyaya, Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışan Ermənistan öz çirkin niyyətini bir daha ortaya qoyaraq, V. Bozkırın xüsusi sessiyanın sədri seçilməsi məsələsini səsverməyə çıxarıb və mənfur düşmənin bu cəhdi heç bir nəticə verməyib. Daha öncə Ermənistan V. Bozkırın BMT Baş Assambleyasının prezidenti seçilməsi məsələsini də səsverməyə çıxarıb və məğlub olub.
 
Hazırda Nyu-Yorkda xüsusi sessiyanın keçirilmə qaydaları və təşkilatı məsələlərinə dair qətnamə layihəsi ilə bağlı BMT üzv dövlətləri arasında qızğın müzakirələr davam edir. Qətnamə layihəsində xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələrinin ilkin olaraq 5-6 noyabr tarixində keçirilməsi qeyd olunub. Lakin yekun tarix dövlətlər arasında gedən müzakirələrin nəticəsindən asılı olacaq. 

Ermənistan bu məsələdə də öz çirkin siyasətini yürütməklə Azərbaycana qarşı çıxmaq və xüsusi sessiyanın çəkisini azaltmaq üçün qaydalara dair qətnamə layihəsindən “dövlət və hökumət başçıları səviyyəsində” ifadəsini çıxarmağa cəhd göstərir. 

Bütün dünya öz diqqətini pandemiya ilə mübarizəyə cəmləşdirdiyi halda, Ermənistan Azərbaycanın artıq BMT tərəfindən qəbul edilmiş təşəbbüsünə qarşı çıxmaqla məşğuldur. Əlbəttə beynəlxalq ictimaiyyət, BMT üzv dövlətləri də bunu yaxşı başa düşür. Bu, yalnız istehza doğurur və nəticədə Ermənistan özünü növbəti dəfə çox gülünc bir vəziyyətə qoymuş olur.