“AzerGold” QSC-nin korporativ strategiyası hazırlanıb

17:21 16-09-2020 2

Əlvan metal filizlərin hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2025-ci (ortamüddətli) və 2035-ci (uzunmüddətli) ilədək korporativ strategiyası hazırlanıb.

QSC-dən verilən məlumata görə, ötən ildən etibarən nüfuzlu beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə başlanan proses çərçivəsində sənayedə əsas tendensiyaların müəyyən edilməsi, dövlətin maraq və hədəfləri nəzərə alınmaqla cəmiyyətin icra edəcəyi fəaliyyətə dair əsas maliyyə və əməliyyat göstəricilərinin proqnozlaşdırılması, strateji variantların prioritetləşdirilməsi və strategiya sənədinin icrası üzrə yol xəritəsinin tərtib edilməsi kimi işlər aparılıb.

Nəticədə strategiya sənədi 14 sentyabr 2020-ci il tarixində cəmiyyətin Ümumi Yığıncağı qismində İqtisadiyyat nazirliyi tərəfindən təsdiq edilib. 

Bu strategiyanı həyata keçirməklə “AzerGold”  QSC 2035-ci ilədək regional miqyasda irihəcmli dağ-mədən şirkətinə çevrilməsi əsas strateji baxışı olaraq müəyyən edilib. Cəmiyyətin strateji hədəflərinə ən böyük qeyri-neft sənaye şirkətlərindən və işəgötürənlərdən birinə çevrilməsi, mədən sahəsində bölgənin ən böyük şirkətləri sırasında qərarlaşması, strateji proqramların icrası üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığın aradan qaldırılması, habelə dağ-mədən sənayesinin yan sahələrinin və zərgərlik sənayesinin innovativ tətbiqlərlə inkişaf etdirilməsinə töhfələrin verilməsi və əsas bazar Azərbaycan olmaqla qonşu ölkələrə genişlənmə potensialının inkişaf etdirilməsi daxildir. 

Qeyd olunan məqsədlərə nail olmaq üçün hazırlanan orta və uzunmüddətli yol xəritəsi çərçivəsində strateji proqramlar müəyyən edilib. Bu proqramlar qızıl, mis-sink mədənlərinin, sənayenin yan sahələrinin inkişafı, beynəlxalq bazarlarda genişlənmə hədəflərini əhatə edir. 

Strategiya sənədinin icrası qeyri-neft sənayesinin dinamik inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi, dağ-mədən sahəsində əlavə dəyərin, eləcə də məşğulluğun artırılması və nəticədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına mühüm töhfələr verəcək.

Cəmiyyətin korporativ strategiyası çərçivəsində müəyyən edilmiş layihələrin icrası ilə 2035-ci ilədək ölkənin məcmu ÜDM-nə 8,9 milyard dollaradək həcmində töhfənin verilməsi, cəmiyyətin səhmdarı olan dövlətə dividendlərin ödənilməsi, habelə, layihələrin icrasının ən fəal mərhələsində 14 min nəfərə qədər işçinin cəlb edilməsi proqnozlaşdırılır. 

Eyni zamanda, layihələrin icrası ilə “AzerGold”un gəlirlərinin proqnozlaşdırılmış məcmu illik artım dərəcəsi (MİAD) 14 faiz həcminə hədəflənir. Məlumat üçün qeyd olunmalıdır ki, 2009-2019-cu illərdə qlobal mədən sənayesinin MİAD-ı 9 faiz olub.