“Agro Dairy”: Yararsız torpaqlarda yüksək məhsuldarlıq - FOTO/VİDEO

12:27 16-09-2020 3

“Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyevlə müsahibə:

- Vahid müəllim, hazırda ölkəmizdə qeyri-neft sektoruna diqqət artıb və kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi önəm verilir. Rəhbərlik etdiyiniz “Agro Dairy” şirkəti ölkə iqtisadiyyatı və kənd təsərrüfatına hansı töhfələr vermək niyyətindədir? 

- Bəli, doğrudur. Qeyri-neft sektorunun hazırkı inkişaf dinamikası yetərincə sevindirici haldır.

Kənd təsərrüfatı sektorunun inkişafına yönələn islahatlar, dövlət sektoru ilə özəl qurumlar arasında olan mövcud əməkdaşlıqlar, bu sahəyə dövlət dəstəyi qısa zaman ərzində özünün müsbət nəticələrini verib və bu sahənin dirçəlməsinə imkan yaradıb. Həyata keçirilmiş və keçirilməkdə davam edən məqsədyönlü islahatlar nəticəsində aqrar sahə öz dinamik inkişafı ilə yeni mərhələdədir.

“Agro Dairy” şirkəti 2014-cü ilin sonlarında yaradılıb. Artıq altı ilə yaxındır ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına öz müasir və yenilikçi ideyalarımızı verməyə və onları iş prosesində tətbiq etməyə çalışırıq.

Şirkətin yaradılmasında əsas vəzifə uzun müddət ölkədə baş verən ümumi iqtisadi proseslərdən və inkişaf templərindən geridə qalmış, suvarma sistemi və torpaq münbitliyi olmayan, istifadəsiz, torpaqları canlandırmaq və çox qısa müddətdə həmin sahələrdə “İrimiqyaslı təsərrüfat layihəsi”ni həyata keçirmək olub.

- “Agro Dairy”nin əkin sahələri harada yerləşir?

- Əkin sahələrimiz Hacıqabul, Samux və Tovuz rayonları ərazisindədir. Xüsusilə vurğulamaq istəyirəm ki, bu torpaqlar əkin üçün yararlı torpaqlar olmayıb, illər boyu istifadəsiz qalıb.

Ərazilər mürəkkəb relyefə malik olmaqla yarğanlardan, çökəkliklərdən, eroziyaya uğramış torpaqlardan ibarət olub. Hətta bəzi ərazilər hərbi mənşəli materialların tullantı yeri kimi istifadə edilib. Bu ərazilərin torpaqları ağır gilli, struktursuz, su sızdırma qabiliyyəti olmayan yarımsəhra torpaqlardan ibarət idi. Eyni zamanda ərazidə şoran və şorakət torpaqlar geniş yayılıb.

Əvvəl

Sonra

- Əsrlərlə yararsız hesab olunan torpaqlarda indi gözoxşayan buğda, qarğıdalı, yonca yetişdirilir. Buna necə nail oldunuz?

- Başlanğıc hədəflərimiz, əkin üçün yararsız hesab edilən bu torpaqları əkin dövriyyəsinə daxil etmək, torpaqların üst qatını tədricən yararlı hala gətirmək, torpağı bitki qalıqları (üzvi qalıqlar) ilə zənginləşdirmək, intensiv texnologiyalar tətbiq etməklə bir təqvim ilində iki məhsul alınmasına zəmin yaratmaq və beləliklə torpaqların inkişafına nail olmaq idi.

Əgər biz ümumi göstəricilərimizi və əldə etdiyimiz nəticələri sıralasaq bəlkə də çox uzun bir sıyahı alınar. Mən bəzi vacib məqamlara diqqət yetirmək istərdim.

Qeyd olunduğu kimi, əsrlərlə istifadəsiz qalmış və əkin-biçin üçün yararsız hesab olunan torpaqların canlandırılması üçün ilk növbədə su, iqlim və torpaq ehtiyatlarından daha səmərəli istifadə edilməsi məsələləri öz həllini tapmalı idi. Bundan ötrü torpaqların münbitliyini artıran, eroziyasının qarşısını alan, pivot (süni yağışyağdırma aqreqatları) suvarma sistemi tətbiq edilməyə başlandı.

Dünyada mövcud olan ən müasir kənd təsərrüfatı texnikası sahələrə cəlb olundu və kreativ bitkiçilik texnologiyasına üstünlük verildi. Bu fəaliyyətlər ərazilərimiz ətrafında yaşayan əhali üçün yüzlərlə yeni iş yerlərinin açılmasına şərait yaratdı. Hazırda sahələrimizə gənclər və ortayaşlı müxtəlif peşə sahibləri daimi və mövsümi işlərə cəlb olunub, onların potensialının artırılması üçün yerli və xarici mütəxəssislərimiz tərəfindən təlimlər keçirilir.

Bununla yanaşı, ərazilərimizdə mövcud suvarma və elektrik təchizatı sistemlərinin qurulması, regionlarda sosial və geniş kənd təsərrüfatı infrastruktur şəbəkəsinin formalaşması əhalinin iş üçün kəndə qayıtmasına, rahat işləməsinə, həyat şəraitlərinin yaxşılaşmasına, eyni zamanda insan resursları bazasının inkişafına gətirib çıxarıb.

Digər tərəfdən, “Aqro Park” kimi irimiqyaslı təsərrüfatın səmərəli fəaliyyəti ölkənin aqro-sənaye kompleksinin istehsalına, texniki və əmək potensialının gücləndirilməsinə öz tövhələrini verir. Müsbət nəticələr çoxdur, bir yazıda hamısını sadalamaq mümkün olmur.

Məhz komandamızın əzmkar səyi və durmadan çalışması nəticəsində yararsız torpaqların yaxşılaşdırılması və münbitləşməsinə nail ola bildik.

Hazırda bir təqvim ilində iki məhsul yetişdirilir, sudan səmərəli istifadə olunaraq həmin ərazilərin hər hektarında əlavə olaraq 4 ton və daha çox yaşıl kütlə formalaşır, torpaq eroziyası 20 faiz və bəzi yerlərdə daha çox azalıb. Həyata keçirilən tədbirlər torpaqda müəyyən nəmlik ehtiyatı saxlamaqla xam torpaqlarda, üzvi maddələrin miqdarını iki dəfəyədək artırdı və torpağın aşınmasının səmərəli azalmasına əsaslı şəkildə kömək etdi. İlbəil torpaqlar yaxşılaşdıqca üzvi maddələrin mənimsənilmə müddəti 10-12 ildən 4-5 ilə qədər düşdü.

Nəticədə şirkət 2020-ci ildə taxılçılıq sektorunda yüksək məhsuldarlığa, keyfiyyətə və rekord miqdarda məhsul istehsalına nail ola bildi.

- Fermerlər, aqronomlar, üçün bu sevindirici xəbərdir. Təlim prosesi necə təşkil olunacaq və hansı məsələləri əhatə edəcək? 

- Kənd təsərrüfatı üzrə ekspertlərimizin, bilavasitə tarlada çalışan aqronomlarımızın təcrübələrini bölüşməsi bu sahəyə marağı olan şəxslər üçün böyük bir imkandır. İlkin mərhələdə təlimin mövzuları “Torpaq becərmə məsələləri və torpağın səpinə hazırlanması”, “Bitki yetişdirilməsi (buğda və arpa)”, “Suvarmanın idarəolunması”, “Dənli bitkilərin inkişaf mərhələlərinin diaqnostikasının öyrənilməsi”, “İlkin toxumçuluq və reproduksiyalı toxum istehsalı” kimi sahələri əhatə edəcək. Növbəti mərhələlərdə isə güman edirik ki, təlim mövzuları qarşılıqlı şəkildə, həm də bilavasitə iştirakçıların istəklərinə uyğun müəyyənləşdiriləcək. 
                 
- Şirkətin qarşıdakı planları barədə nə deyə bilərsiniz?

- Builki mövsümdə taxılçılıqda, dən istehsalı sahəsində əldə etdiyimiz göstəriciləri qoruyub saxlamaqla digər sahələrdə də, xüsusilə yetişdirdiyimiz şəkər çuğunduru, təkrar qarğıdalı əkinlərində, həmçinin sınaq məqsədilə əkdiyimiz soya istehsalında yüksək göstəricilərə nail olmaq istərdik. Hazırda şəkər çuğundurunun intensiv yığımı gedir.

Təkrar qarğıdalı əkinlərində planlaşdırdığımız məhsulu əldə etmək üçün müvafiq aqrotexnoloji tədbirlərin həyata keçirilməsini davam etdiririk.

Yaxın və mühüm planlarımız payızlıq taxıl əkinlərinin yüksək keyfiyyətlə aparılmasına nail olmaq və bu il taxılçılıqda əldə etdiyimiz nəticələri növbəti ildə təkrarlamaqdır.

Eyni zamanda şirkətimiz taxıl toxumçuluğunun inkişafında səmərəli fəaliyyət göstərmək niyyətindədir. Bu məqsədlə çox yaxın zamanda yeni müasir toxum təmizləyən avadanlıqların alınması və quraşdırılmasını planlaşdırırıq. Əsas strateji məqsədimiz ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, milli toxumçuluğun inkişafına, xaricdən toxum asılılığını azaltmağa, daxili toxum bazarındakı mövcud boşluqların aradan qaldırılmasına qarşılıqlı töhvə verməkdir. 

Qarşıda böyük əzmkarlıq və məqsədyönlü şəkildə fəaliyyətimiz durur. Əminəm ki, “Agro Dairy” komandası ilə bu planları reallaşdıra biləcəyik.