Tramp İranı təhdid etdi: "Süleymaninin qısasını almaq istəsəniz, min dəfə böyük hücumla cavab verərik"

11:48 16-09-2020 4


“İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin qətlinə görə İranın qısası kimi qəbul edilə biləcək istənilən hücumuna min dəfə daha böyük zərbə ilə cavab veriləcək”. 
 
Ovqat.com xəbər verir ki, bu təhdidkar açıqlamanı ABŞ prezidenti Donald Tramp özünün Twitter səhifəsində yayıb.

Tramp bildirib ki, bəzi KİV-in məlumatına görə, İran, lideri Süleymaninin qısası almaq məqsədilə ABŞ-a növbəti hücum hazırlayır, amma belə bir təşəbbüsün cavabı min dəfələrlə ağır ola bilər.
 
Qeyd edək ki, Trampa indi çatan bu məlumat iyul ayında İran dini lideri Əli Xamenei tərəfindən dilə gətirilmişdi. Dini lider bildirmişdi ki, İran amerikalılara Süleymaninin qətlini bağışlamayacaq və mütləq onlara lazımi cavab verəcək. Xamenei onu da vurğulamışdı ki, istənilən ölkədə amerikalıların mövcudluğu yalnız bəlalar və dağıntılar gətirir.
 
İranla ABŞ arasında bütün körpüləri alt-ast edən hadisə bu ilin yanvarın 3-də yaşanmışdı. ABŞ təyyarələri Bağdad hava limanında aviazərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymanini qətlə yetirmiş, beləcə iki dövlət arasındakı gərgin münasibətlər müharibə səviyyəsinə yüksəlmişdi. Tehran buna cavab olaraq, yanvarın 8-nə keçən gecə İraqdakı Amerika obyektlərinə onlarla raket atmış, keçirdiyi əməliyyatı "Şəhid Süleymani" adlandırmışdı. İran rəsmiləri bu hücum nəticəsində ən azı 80 ABŞ əsgərini öldürdüyünü, onların cəsədlərinin təyyarələrlə ölkələrinə daşındığını iddia etmişdi. ABŞ isə hücum nəticəsində öz hərbi bazalarına ciddi zərər dəymədiyini bildirmişdi. Əslində isə İranın bu hücumlarında nə qədər ABŞ əsgərinin ölüb-ölmədiyindən asılı olmayaraq, Pentaqonun toxunulmazlıq imici dağılmış, İranın düşünüldüyü qədər “asan yem” olmadığı ortaya çıxmışdı. Bu mənada Pentaqonun əsgərim ölməyib təsəllisi ciddi arqument kimi qəbul edilə bilməz.
 
İddialara görə, Pentaqon yetkililəri əslində İranın bu cavabını gözləyirdilər və odur ki, Qasım Süleymaninin öldürülməsi əməliyyatına yarıkönül razılaşmışdılar. Pentaqondakı bəzi mənbələrin mediaya sızdırdığı məlumata görə, Suleymaninin qətli haqqında əmri şəxsən Donald Trampın özü vermişdi. Ona isə bu ideyanı Amerikanın dövlət katibi Maykl Pompeonun verə biləcəyi güman olunur. ABŞ hərbçiləri İranın koalisiya bazalarına və Bağdaddakı ABŞ səfirliyinə hücumlarını da qisas əməliyyatları kimi qəbul edirlər.
 
Məlumata görə, İran bu yaxınlarda Afrika ölkələrindən birində ABŞ səfirliyinə qarşı hücum planlaşdırmış və Amerikanın xüsusi kəşfiyyat orqanları tərəfindən bu akt törədilməmişdən əvvəl aşkarlanmış və qarşısı alınmışdı. Görünür, ABŞ prezidentini bugünkü tveet-xəbərdarlığı yazmağa vadar edən də sözügedən fakt olmuşdur.
 
Ovqat.com