Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı

17:21 15-09-2020 5

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin 13-14 sentyabrda keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Nəticələrə əsasən, tarix, coğrafiya və informatika fənləri üzrə 782 namizəd vakant yer tutub.

Yuxarıda adıçəkilən fənlər üzrə vakant yer tutmuş namizədlər 17 sentyabr saat 09:00-dan etibarən 18 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), dörd ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.