“Sumqayıt Kimya Sənaye Parkı” qeyri-neft sektorunun lokomotivi qismində çıxış edir

16:00 15-09-2020 2

Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, yeni sənaye sahələrinin yaradılması, ən müasir texnologiyalarla təmin edilməsi istiqamətində sistemli işlər görülür. Həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə yüzlərlə müasir sənaye müəssisələri, yeni sənaye sahələri yaradılıb. Tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. 

Bu barədə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyuətli Cəmiyyətindən milletinsesi.info-a verilən məlumatda deyilir.

Bildirilib ki, hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər innovativ müəssisələrin yaradılmasına, ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına yeni imkanlar açır. 

Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilib. Belə ki, rezidentlər qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və yeddi il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaiti hesabına müasir infrastruktur yaradılır ki, bu da sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələrini təmin edir. 

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının ərazisi 508 hektar təşkil edir. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 3,1 milyard dollar olan 24, o cümlədən 2020-ci ildə beş sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 2,9 milyard dollar həcmində investisiya yatırılıb. Artıq qeydiyyata alınmış 24 rezidentdən 15-i istehsal fəaliyyətinə başlayıb.

2020-ci ildə Sumqayıt Kimya Sənaye Parkında beş sahibkarlıq subyektinə - qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyasını həyata keçirəcək “Azmonbat” MMC, tibbi maskaların istehsalını həyata keçirən “Bakı Tekstil Fabriki” MMC, müxtəlif çeşidli rəngli şüşə tara məhsullarını istehsal edəcək “Glassica” QSC, sulfat turşusunu istehsal edəcək “Azərsulfat” MMC, “Polimer materialların emalı” layihəsini həyata keçirəcək “Novus Plastica” MMC-yə rezidentlik statusu verilib.

İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 1,9 milyard manatdan çox məhsul satılıb. Onun da 610 milyon manatdan çox hissəsi ixrac edilib. Təkcə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib. Bunun da 276 milyon manatı ixrac olunub.

Statistik göstəricilərə əsasən, 2020-ci ilin I yarımili ərzində Sumqayıt Kimya Sənaye Parkında 534 milyon manatlıq məhsul istehsal edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən də çoxdur. İxrac isə 2019-cu ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin I yarımili 182 milyon manat təşkil edib.

2020-ci ilin I yarımili ərzində Sumqayıt Kimya Sənaye Parkı ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 9,3 faiz, sənaye məhsullarının ixracında isə xüsusi çəkisi 20 faiz təşkil edib.

Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq, Yaponiya, ABŞ, Kanada və s. ölkələrə ixrac olunub.

Sumqayıt Kimya Sənaye Parkında hazırda 5500-dən artıq insan daimi işlə təmin edilib. 
“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd sənaye ixtisasları üzrə kadrların hazırlanmasını təmin etmək, müasir avadanlıqlarla işləyən mütəxəssisləri hazırlamaqdır.

Qeyd edək ki, 14 sentyabr tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkı nəzdində Peşə Təhsil Mərkəzinin açılışında olub. 

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Sumqayıtın potensialı daha da güclənir. Həmçinin, cari ildə burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq və bu istiqamətdə böyük investisiyalar qoyulub. 

Prezident İlham Əliyev Sənaye Parkının gələcək inkişafı ilə bağlı təkliflər hazırlanmasını və yerlərin seçilməsini tapşırıb və bildirib ki, bu templə 2-3 ilə bütün bu yerlərin dolacağı gözlənilir. 
500 nəfərin təhsil alması üçün hər cür şəraitin yaradıldığı Peşə Təhsil Mərkəzində 2020-2021-ci tədris ili üzrə torna və frezer dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, proqramla idarə olunan dəzgahların operatoru, veb dizayner və proqram təminatçısı ixtisasları üzrə mütəxəssislər hazırlanacaq. 

Tədris prosesində istifadə edilən təhsil proqramları (kurikulumlar) müvafiq sənaye sahələri üzrə özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb və təlim prosesi təhsil-təcrübə-tətbiqetmə ardıcıllığı üzrə həyata keçiriləcək. 

Mərkəzdə nəzəri və praktiki bacarıqların formalaşdırılması üçün hər cür şərait yaradılıb. Ən müasir maddi-texniki baza ilə təchiz edilən mərkəz beş fərqli ixtisas üzrə bir illik proqramlarda təhsil almaq imkanını nəzərdə tutur. Bir illik təhsil müddətində tələbələr təqaüdlə təmin olunacaq və Sumqayıt Kimya Sənaye Parkının rezidentlərində təcrübə keçməklə iş yeri əldə etmək imkanı qazanacaqlar.

Tədris prosesində ixtisas fənləri üzrə dərslərin 80 faizini praktiki dərslər təşkil edəcək. Praktiki dərslərin təşkili məqsədilə Peşə Təhsil Mərkəzində təlim avadanlıqları stendləri quraşdırılıb. Eyni zamanda, ixtisaslı kadrların hazırlanması məqsədilə Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər tədris-təcrübə prosesinə cəlb edilib. Bu isə parkın rezidentlərinin - “Azertexnolayn” MMC və “STP” MMC-nin və digər müəssisələrin mütəxəssislərinin iştirakı ilə praktiki dərslərin sənaye parkının müəssisələrində keçirilməsinə, mütəxəssislərin öz iş yerlərini tərk etmədən daha səmərəli tədris aparmasına, eləcə də tələbələrin bilavasitə istehsalat sahəsində təcrübə keçərək lazımi praktik biliklərə yiyələnməsinə imkan yaradacaq.

Hazırda Azərbaycanda beş sənaye parkı fəaliyyət göstərir və bunlar Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarıdır. Bu sənaye parklarından da dördünün - Sumqayıt Kimya, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarının idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir. Sumqayıt Kimya, Mingəçevir, Qaradağ və Pirallahı Sənaye Parklarında 31 müəssisəyə rezident statusu verilib ki, bu müəssələr üzrə ümumi qoyulacaq investisiyanın həcmi 3,8 milyard dollar civarındadır.

Bu günədək rezidentlər tərəfindən 3,5 milyard dollardan artıq investisiya qoyulub və 19 rezident fəaliyyətə başlayıb. Qeyd olunan sənaye parklarında 8300 nəfər daimi işlə təmin edilib. Sənaye parkları üzrə 2020-ci ilin I yarımilin sonunadək ümumilikdə 2,69 milyard manat satış həyata keçirilib ki, onun 675 milyon manatı - təxminən 25 faizi ixrac olunub.