ABŞ Dövlət Departamenti: “Əl-Qaidə” liderləri Tehranda yaşayır”

23:01 16-12-2021 23

ABŞ Dövlət Departamenti bir neçə “Əl-Qaidə” liderinin İranda yaşadığını iddia edib.

Bunu qurumun Terrorla Mübarizə üzrə Koordinatorunun səlahiyyətlərini icra edən Con Qodfri bildirib.

“Biz “Əl-Qaidə” liderlərinin Tehranda və Tehran ətrafında yaşamaqda davam etməsindən və onlara öz işlərində yardım göstərilməsindən dərin narahatlıq keçiririk”, - deyə ABŞ xarici siyasət idarəsinin rəsmisi bildirib.

O, ABŞ Dövlət Departamentinin dünyada terrorizmlə mübarizəyə dair növbəti illik hesabatının dərc edilməsilə bağlı keçirilən xüsusi onlayn brifinqdə çıxış edib.

Qodfrinin sözlərinə görə, Tehran hökuməti “Əl-Qaidə” şəbəkəsinin nümayəndələrinə “İranda təhlükəsiz yaşamağa” icazə verir.

Bundan əlavə, amerikalı diplomat hesab edir ki, “İran qara siyahılara daxil edilmiş terror qruplarını maliyyələşdirməkdə, onlara təlim keçməkdə, silah və texnika ilə təmin etməkdə davam edir”.

Qeyd edək ki, ABŞ İranı terrorçulara himayədarlıq edən ölkələr siyahısına daxil edib. İranla yanaşı siyahıda Şimali Koreya və Suriya da var.

Mənbə: TASS