Rusiyada xalqımızın alman faşizmi üzərində qələbədəki töhfəsindən bəhs edən kitab nəşr olunub

13:02 16-12-2021 22

Rusiyanın Ryazan vilayətində İkinci Dünya müharibəsi zamanı SSRİ-nin qazandığı qələbədə xalqımızın misilsiz xidmətlərinə həsr edilmiş “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitab çap edilib.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Həmyerlimiz Həşim Məmməd Cəfər oğlu Əliyevin tərtib etdiyi kitabda xalqımızın igid övladlarının ön və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlardan və ölkəmizin “qara qızıl”ı olan Bakı neftinin qələbədəki xüsusi rolundan ətraflı bəhs edilib. 

Kitabda görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Əgər Azərbaycanın nefti olmasaydı, o zaman II Dünya müharibəsində İngiltərə-Amerika koalisiyasının və SSRİ-nin alman faşizmi üzərində qələbəsi qeyri-mümkün olardı”, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan faşizm üzərində ümumi Qələbəmizə layiqli töhfə verdi. Müharibə zamanı göstərdiyi şücaətə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün lazım olan neftin 70 %-dən çoxu, benzinin 80 %-i, motor yağlarının 90 %-i Azərbaycanın payına düşürdü. Bu olmasaydı, Sovet ordusu düşməni məğlub edə bilməzdi” və Rusiya Prezidenti Vladimir Putinin “Biz Böyük Vətən Müharibəsi cəbhələrində fədakarlıqla vuruşaraq ümumi qələbəmizi qazanmış 600 min azərbaycanlının şücaət və qəhrəmanlığını ehtiramla anırıq” fikirlərinə diqqət cəlb edilib.
 
Müəllif kitabın ərsəyə gəlməsində mənəvi dəstəklərinə görə “Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının idarə heyətinin üzvlərinə və fəallarına, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Şahmat Federasiyasının keçmiş sədri, II Dünya müharibəsində Bakı neftinin roluna dair kitabların müəllifi Çapay Sultanovun həyat yoldaşı Lyudmila Sultanovaya xüsusi təşəkkürünü bildirib.