AZƏRBAYCAN VƏ TÜRKİYƏ DAİM
BİR-BİRİNİN YANINDADIR

11:35 29-10-2021 21



Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana növbəti səfəri və bu səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılması Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, tərəfdaşlığının, strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərinin növbəti təzahürüdür. Artıq gələn il Zəngilanda inşa edilən Beynəlxalq Hava Limanının da istifadəyə veriləcəyi gözlənilir. Türkiyə Prezidenti Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bu fikri xüsusi qeyd etdi ki, işğaldan azad edilən bölgələrin qısa müddətdə necə dirçəldiyini, sürətlə inkişaf etdiyini görürük. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir. Bütün dünya Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm edən “Bir millət, iki dövlət” milli konsepsiyasının bəşəri missiya olduğunu görür. Azərbaycan-Türkiyə birliyi regionda sülhün qarantıdır. Bu səfər iki ölkə arasında sarsılmaz dostluğu növbəti dəfə dünya ictimaiyyətinə açıq şəkildə nümayiş etdirdi, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və ümumilikdə regionda yeni reallıqların, yeni geostrateji vəziyyətin möhkəmlənməsi baxımından xüsusi önəm daşıyır.
Xatırlatmaq lazımdır ki, üçtərəfli bəyanatın 9-cu maddəsi Azərbaycanla onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələri daxil olmaqla, bölgədəki bütün kommunikasiyaların açılmasını nəzərdə tutur. Bunu nəzərə alaraq Zəngəzurun əhəmiyyətini vurğulamaq lazımdır. Bu cəhətdən səfər zamanı Zəngəzur dəhlizinin təməlinin qoyulması mühüm əhəmiyyət daşıyır. Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyulması, dövlət başçılarının burada ilk çinar ağacı əkməsi, Anadolu Agentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisi ilə tanışlıq, qardaş ölkənin Prezidentinin ön sözünü yazdığı və Anadolu Agentliyi tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabını müzəffər Ali Baş Komandanımıza təqdim etməsi və səfərin proqramına daxil olan bütün fəaliyyətlər sarsılmaz birliyi göstərən amillərdəndir. Səfər çərçivəsində açılış və təməlqoyma mərasimləri, eyni zamanda, görülən işlərlə tanışlıq böyük rəmzi məna daşıyır. Füzuli aeroportunun açılması, həmçinin Azərbaycanın qısa zamanda gördüyü böyük işlərin göstəricisidir. Azərbaycana qardaş dəstəyini göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsinin başlandığı ilk saatlardan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı.
Bütün bunlar o deməkdir ki, son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Ondan daha əvvəl Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq. Yeni nəsil, gənc nəsil gərək bizim yolumuzu davam etsin. Çünki biz bu təməli qoyduq, yoluna oturtduq, çox güclü müttəfiqlik yaratdıq, sarsılmaz birlik yaratdıq. Gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək və bütün Türk dünyası üçün yeni imkanlar açılacaq. Bildiyimiz kimi, Türk Şurası təsirli beynəlxalq təsisatdır. İnanırıq ki, bu müttəfiqlik tezliklə bütünlükdə türk dünyasını əhatə edəcək.
Anar Sadatov