“Ya Qarabağ, ya ölüm” mahnısı yeni tərzdə - VİDEO

22:30 01-10-2020 13

Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!

Xocalı faciəsi ilə həmyaşıd olan bu ifadəni ilk dəfə böyük Türk aşığı Ozan Arifin yanıqlı sazından - səsindən eşitdik. Qardaş millətinin ağlasığmaz faciəsindən ürəyi parça-parça olan bir türkün səsi idi bu. Çox keçmədi bu səsə ölkəmizin rep tarixində əvəzsiz rolu olan “Dəyirman” da qoşuldu.

Bax, o zaman “Ya Qarabağ, ya ölüm” Azərbaycanın nəinki fəryadını, eyni zamanda, haqq sözünü də, döyüş əzmini də göylərə ucaltdı. 30 ilə yaxın bir vaxt ötdü, yaralarımız bağlanmadı və bu mahnı da dilimizdən düşmədi. Bu gün isə Qarabağımızın alınması uğrunda yenidən səfərbər olduğumuz bir zamanda “Ya Qarabağ, ya ölüm” yeni nəfəslərlə canlandı.

Xalq artisti Miri Yusif bu dəfə dahi xanəndə Alim Qasımov və böyük sənətkar Natiq Şirinovun rəhbəri olduğu “Natiq” ritm qrupu ilə birlikdə “Ya Qarabağ, ya ölüm” dedi. Bəli, bu dəfə mahnıda musiqimizin baştacı, sənətimizi bütün dünyada tanıtdıran muğam da var, ürəyimizin səsi ilə eyni ritmdə vuran nağara səsi də.

Mahnının ana mətnini Miri Yusif tək səsləndirsə də, onun ifasına hər bir Azərbaycan, hər bir Türk övladının qəlbinin səsi qoşulub. Bu səs Şərqin səsi, Türkün səsi, Peyğəmbərin öydüyü nəcib irqin səsidir. Qoy, Dünya səsimizi eşitsin artıq! Qoy bu dəfə “Ya Qarabağ, ya ölüm” mahnısının sədaları şanlı qələbəmizin rəmzi kimi Qarabağımızdan yayılsın.