Xalq artisti: “Müğənnilər yeyib-içməyə, çox xərcləməyə öyrəşiblər”

19:13 14-09-2020 5

Aktyorlar heç dolanışıqlarından şikayət etməzlər, çünki onlar aldıqları maaşa baxırlar. Onlar gəlirlərini elə idarə edirlər ki, o maaşla ay sonuna kimi dolana bilsinlər. 

Bu sözləri Yenisabah.az-a Xalq artisti Valeh Kərimov deyib. 

O qeyd edib ki, artıq teatrda işləmir: 

“Altı ildir təqaüdə çıxmışam, amma hər zaman teatrla əlaqəm olub. Elə dünən yolum Sumqayıta düşmüşdü. Mən hara getsəm, birinci növbətə teatra baş çəkirəm. Getdim Sumqayıt teatrına, gördüm qapılar bağlı, bir nəfər belə yoxdur, bircə gözətçi dayanıb qapıda. Mənə çox pis təsir etdi. Kövrəldim, belə vəziyyət olsa da teatrları məncə, açmaq olar. O demək deyil ki, tamaşalara 300-500 nəfər gəlib baxsın. Necə ki, məktəblər məsafə qorunmaqla açıldı, eləcə də teatrlar açıla bilər. 500 nəfərlik zala 50 nəfər tamaşaçı gəlib, ara məsafəni qorumaqla tamaşaya baxa bilər. Bunun nə ziyanı var axı? Mənə elə gəlir ki, məktəblər, restoranlar, muzeylər kimi teatrlar da açılmalıdır”. 

Sənətçi müğənnilərin tez-tez maddi problemlərindən danışmasına da münasibət bildirib:

“Aktyorlar heç dolanışıqlarından şikayət etməzlər, çünki onlar aldıqları maaşa baxırlar. Onlar gəlirlərini elə idarə edirlər ki, o maaşla ay sonuna kimi dolana bilsinlər. Həmin maaşı karantin olsa da, sağ olsun dövlətimiz, yenə verir. Amma müğənnilər bir az ərköyündürlər, yeyib-içməyə, çox xərcləməyə öyrəşiblər. İndi birdən-birə pulları kəsilib deyə narahatdırlar. Qoy canları sağ olsun, inşallah vəziyyət düzələr, yenə qazanarlar, kefləri istəyən kimi xərcləyərlər”.