Milli Məclisin iclaslarında “qaib” alan deputat varmı?

18:01 22-12-2021 6

Milli Məclisin komitə və plenar iclaslarında üzrsüz səbəblərdən iştirak etməyən deputatlara görə parlamentdaxili cəza nəzərdə tutulur.

Bu, Milli Məclisin Daxili Nizamnaməsi ilə tənzimlənir.

Deputat üzrsüz səbəbdən parlamentin plenar və komitə iclaslarında azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etmədikdə onun işinə İntizam Komissiyası baxır.

Prosedur belədir ki, əgər belə hal olarsa, Milli Məclisin sədri İntizam komissiyasına təqdimatla müraciət edir.

İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.

Bəs belə deputatlar varmı?

Milli Məclisin İntizam Komissiyasının katibi Nurlan Həsənov mövzu ilə bağlı milletinsesi.info-ın sualını cavablandırıb.

Onun sözlərinə görə, hər hansı bir deputat həmkarına iclaslarda üzrsüz səbəbdən iştirak etmədiyinə görə xəbərdarlıq edildiyinin şahidi olmayıb.

Nurlan Həsənov bildirib ki, hər hansı deputat Milli Məclisin iclasında üzrsüz səbəbdən belə olsa iştirak edə bilməyəcəksə, qabaqcadan parlament sədrindən icazə almalıdır.

“İcazə alan deputat Milli Məclisin iclasında iştirak etmədikdə bu, üzrlü səbəb sayılır. Əgər hər hansı deputat plenar iclaslarda və ya üzv olduğu komitə və komissiya iclaslarında üzrsüz səbəbdən iştirak etməzsə bu, parlamentdaxili məsuliyyətə səbəb olur”, - deyə, o, əlavə edib.

Qeyd edək ki, üzrsüz səbəbdən parlamentin iclaslarına qatılmayan deputatların adları “Azərbaycan” qəzetində ictimailəşdirilməlidir.

Dəqiq fikir yürütmək çətindir. Amma məntiqlə iki nəticə çıxarmaq olar:

1. Ya, Milli Məclisin iclaslarına qatılmayanların hamısı üzrlü səbəbləri əsas gətirir,

2. Ya da üzrsüz iştirak etməyənlərin adları açıqlanmır.

Bildirək ki, “Azərbaycan” qəzeti ən azından VI çağırış Milli Məclisin fəaliyyəti dövründə belə siyahı yayımlamayıb.

Aqşin Kərimov