İkinci qrant müsabiqəsinə 200 müraciət daxil olub

15:00 22-12-2021 8

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş ikinci qrant müsabiqəsinə sənəd qəbulu başa çatıb. 

Ümumilikdə müsabiqəyə 200 müraciət daxil olub. KOB subyektlərinə məxsus layihələrin 93-ü hüquqi, 101-i fiziki şəxslərə, o cümlədən 186-sı mikro, 5-i kiçik, 3-ü isə orta sahibkarlıq subyektlərinə məxsusdur. Təqdim olunmuş layihələrin əksəriyyəti dəstək sahəsi üzrədir. Hazırda layihələr Ekspertlər Komissiyası tərəfindən qiymətləndirilir. Maliyyələşdirilməsi barədə müsbət qərar qəbul olunacaq layihələrin hər birinə 20 min manata qədər vəsait ayrılacaqdır. Nəticələr 2022-ci ilin 10 fevral tarixindən sonra KOBİA-nın www.smb.gov.az saytı vasitəsilə açıqlanacaqdır. 

Qeyd edək ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə 2021-ci ildən başlanılıb. Bu məqsədlə keçirilmiş ilk qrant müsabiqəsi çərçivəsində KOB subyektlərinin 15 layihəsi maliyyələşdirilib. Dəstək mexanizmi barədə ətraflı məlumat üçün: https://bit.ly/3mjXLsa