Aksiz dərəcəsi artırılan məhsullarla bağlı - AÇIQLAMA

15:00 22-12-2021 12

Məlum olduğu kimi, Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən milletinsesi.info-a verilən məlumatda Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər əsaslandırılıb.

Bildirilib ki, dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri bəzi aksizli malların aksiz dərəcələrinin artırılması və aksizli malların siyahısına yeni məhsulların əlavə edilməsi ilə bağlıdır.

Məlum olduğu kimi, beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət çərçivəsində mərhələli şəkildə aksiz dərəcələrinin artırılması və optimallaşdırılması həyata keçirilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının tütün məhsullarına tətbiq edilən aksiz dərəcələri barədə dərc edilmiş məlumatlarına əsasən, ümumilikdə dünya miqyasında siqaretə tətbiq edilən vergilər ortalama pərakəndə satış qiymətinin təxminən 50 faizini təşkil edir.

Vergi Məcəlləsinə son dəyişikliklərdə aksiz dərəcələrinin artırılması zamanı beynəlxalq təşkilatların tövsiyələri, istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları və bu artımın sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi amilləri nəzərə alınıb.

Dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən Azərbaycan Respublikasında istehsal olunan içməli spirtin, arağın (vodka), tündləşdirilmiş içkilərin və tündləşdirilmiş içki materiallarının, likyorun və likyor məmulatlarının, konyak və konyak materiallarının hər litrinə aksiz dərəcəsi 3,2 manatdan 4 manata, tütündən hazırlanan siqaretlər və əvəzedicilərinin 1000 ədədinə 35 manatdan 38,5 manata, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə 12,9 manatdan 14 manata qaldırılıb. Eyni zamanda, növbəti ildən etibarən, qəlyan üçün tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilib. Aksizli malların siyahısına əlavə edilmiş qəlyan üçün tütün əvəzləyicilərinin hər kiloqramına 30 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq ediləcək.

Vergi Məcəlləsinə edilmiş növbəti dəyişikliyə əsasən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərində 1,2, dizel mühərrikli minik avtomobillərində isə 1,5 yüksəldici əmsalın tətbiqi nəzərdə tutulub.

Bu dəyişikliyin məqsədi ölkədə avtomobil parkının yenilənməsinin stimullaşdırılması və ekologiyaya mənfi təsir edən avtomobillərin gətirilməsinin məhdudlaşdırılmasıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.3.3.2-ci yarımbəndi ilə ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamına əsasən, “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi" növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına beş Milli Prioritetdən biri kimi təsdiq edilib.

Bu səbəbdən idxal edilən və istehsal tarixi 7 ildən artıq olan minik avtomobillərinə münasibətdə hesablanmış aksiz məbləğinə yüksəldici əmsalların tətbiqi ilə yanaşı, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışı, habelə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı ƏDV-dən azad edilib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ölkəyə idxal edilən nəqliyyat vasitələrinin 90 faizi mühərrik həcmi 2000 kubsantimetr həcmli olan nəqliyyat vasitələridir. Nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq olunan aksiz dərəcələrinin artımı isə mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə şamil edilir. Nəticədə bu dəyişikliyin əhalinin sosial cəhətdən həssas hissəsinə təsirləri gözlənilmir.