Azərbaycan - Qətər əlaqələri yüksək səviyyədə inkişaf edir - FOTO

23:01 16-12-2021 14

Qətər Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib. Rəsmi qəbulda hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Al Hinzab ölkəsinin keçdiyi inkişaf yolundan və Azərbaycan–Qətər münasibətlərinin inkişafından bəhs edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəsmi qəbulda səfiri və Qətər xalqını Qətər Dövlətinin Milli Günü münasibətilə Azərbaycan Respublikası Hökuməti adından təbrik edib.

Bildirib ki, Azərbaycan-Qətər əlaqələri yüksək səviyyədə inkişaf edir. İki ölkənin münasibətləri dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Siyasi dialoqun yüksək səviyyədə olması iki ölkənin liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir.

Nazir beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycanla Qətərin uğurlu əməkdaşlıq etdiyini, mühüm məsələlərin həllində daim bir-birlərini dəstəklədiklərini deyib.

Vurğulayıb ki, ölkələrimiz arasında həyata keçirilmiş yüksək səviyyəli səfərlər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər mövcud əlaqələrin hüquqi bazasını formalaşdırıb. Ötən dövrdə ümumilikdə 40-a yaxın sənəd imzalanıb. Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Taninin cari ilin oktyabr ayında ölkəmizə səfəri çərçivəsində yeni sazişin imzalanması da ikitərəfli münasibətlərin yüksələn xəttlə inkişaf etdiyinin bariz nümunəsidir. Bu addım ölkələrimiz arasında həm biznes, həm də turizm sahələrində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcəkdir.

S.Babayev iki ölkə arasında 2016-cı ildə yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyətinin əməkdaşlığın inkişafında mühüm rolunu qeyd edib.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu il təməli qoyulmuş Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək layihələrdə  Qətər biznes dairələrinin də iştirak etməkdə maraqlı olacağına əminliyini ifadə edib.

Nazir vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qəhrəman Ordumuz ötən il 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdi. Hazırda həmin ərazilərdə sürətli şəkildə və geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Qətər iş adamları, biznes dairələri və sərmayəçiləri də həmin ərazilərə sərmayə yatırılmasına dəvət olunur.

S.Babayev birgə səylər əsasında Azərbaycanla Qətər arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib. O, əlamətdar gün münasibətilə bir daha təbrikini ifadə edərək, dost Qətər xalqına firavanlıq arzulayıb.