Azərbaycandan Rusiyaya ilk “Aqroekspress” göndərildi

20:00 16-12-2021 7

Azərbaycan “Aqroekspress” layihəsi çərçivəsində Rusiyaya ilk qatarı göndərib.

Bu barədə baş nazirin müavini Şahin Mustafayev məlumat verib.

“Bu il hökumətlərarası komissiyanın növbəti iclasında biz Rusiya bazarına kənd təsərrüfatı məhsullarının tədarükünün kvotaları və dinamikası ilə bağlı razılığa gəldik. Bu baxımdan düzgün qurulmuş logistika vacibdir. “Aqroekspress” layihəsi çərçivəsində ilk qatarın yola salınmasını qeyd etmək istərdim”, - deyə baş nazirin müavini “İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu mühüm layihəyə böyük önəm verir.

“Biz çalışacağıq ki, bu sahədə işi daha da sürətləndirək. Şübhəsiz ki, bu layihə, məhsulun Rusiya bazarına çatdırılmasının sürətini və keyfiyyətini təmin etməyə kömək edəcək”, - deyə Mustafayev əlavə edib.

Onun sözlərinə görə, 2020-ci ildə iki ölkə arasında ərzaq dövriyyəsi 1,3 milyard dollara çatıb ki, bu da bir il əvvəlkindən 6% çoxdur.

“Azərbaycan Rusiyanın ən böyük kənd təsərrüfatı məhsulları idxalçısı olan on ölkədən biridir. 2020-ci ildə Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalının həcmi 12% artıb”, - deyə baş nazirin müavini bildirib.

Eyni zamanda, o qeyd edib ki, bu il Azərbaycandan Rusiya bazarına kənd təsərrüfatı məhsullarının tədarükündə ciddi artım var.

Ş.Mustafayev bildirib ki, 10 ay ərzində 450 milyon dollarlıq məhsul tədarük edilib. O əlavə edib ki, tədarük həcminin artırılması hələ 2014-cü ildə iki ölkə prezidentləri tərəfindən razılaşdırılıb və müvafiq göstərişlər verilib.

Mənbə: TASS