Andreas Umland: Avropa və Azərbaycanın Qafqazdakı problemlərə dair ümumi anlayışı var – Almaniyadan MÜSAHİBƏ

19:01 16-12-2021 12

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə keçirilən danışıqlar əksər beynəlxalq ekspertlərin proqnozlarının əksinə olaraq səmərəli olub.

Eyni zamanda, təbii ki, Brüsseldə Rusiyada keçirilən görüşlərdə imzalanan üçtərəfli bəyanatlarda təsbit olunmuş razılaşmaların nəticələri də nəzərə alınıb. İndi Ermənistan ərazisindən Naxçıvana gedən dəmir yolu ilə bağlı konkret məqamlar var, Ermənistan - Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə müvəqqəti işçi qrupunun yaradılması planları açıqlanıb.

Almaniyalı politoloq, Stokholm Şərqi Avropa Araşdırmaları Mərkəzinin analitiki Andreas Umland milletinsesi.info-a müsahibəsində hazırkı proseslərin Avropa İttifaqını və Qərbi Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması üzrə danışıqlar prosesinə cəlb etməyə kömək edəcəyini ümidini ifadə edib, bununla (xarici aktorlardan - red.) indi yalnız Rusiya və Türkiyə məşğul olur:

“Mənə elə gəlir ki, Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan da, Ermənistan da özlərini Avropa xalqları kimi qəbul edirlər. Yenə də deyirəm, ümid etmək olar ki, Brüssel görüşü Aİ-nin nizamlanma proseslərinə yeni girişinin başlanğıcıdır və mən bunu müsbət qiymətləndirirəm”.

- Maraqlı bir müşahidə var - Avropa Şurasının prezidenti Şarl Mişel 30 ilə yaxın uğursuz fəaliyyəti ilə əlaqədar rəsmi Bakının yumşaq desək,  şübhə ilə yanaşdığı ATƏT-in Minsk Qrupu haqqında danışmadı. Ermənistanda sadəcə olaraq ATƏT-in Minsk Qrupuna bel bağlayırlar. Eyni zamanda, Avropanın sərhədlərin delimitasiyası ilə bağlı ekspert qiymətləndirmələrinə kömək etməyə hazır olduğu bildirilib. Belə çıxır ki, “buğda ayrı, saman ayrı”, yəni ATƏT MQ ayrı, Avropa ayrı?

- Şarl Mişelin konkret olaraq Minsk Qrupunu bilərkdənmi qeyd etmədiyini deyə bilmərəm, amma keçən il müharibə göstərdi ki, ATƏT MQ təəssüf ki, problemləri həll etmək, sülh yolu ilə nizamlanmanı təşviq etmək iqtidarında deyil. Təbii ki, təmas qrupunun bütün həmsədr ölkələrində - Fransa, ABŞ və Rusiyada böyük erməni diasporları olduğuna da diqqət yetirmək lazımdır. Amma buna baxmayaraq, Minsk Qrupunu indiyədək heç kim buraxmayıb, o, rəsmən mövcuddur.

- Keçək başqa məqamlara. Azərbaycan NATO ilə əməkdaşlıq edir, Azərbaycan hərbçiləri Əfqanıstanı koalisiya qüvvələrinin tərkibində sonuncu tərk edənlər sırasındadır. Bunu Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündən sonra keçirilən mətbuat konfransında da deyib. Bundan əlavə, Bakı Avropa İttifaqı ilə dialoqunu davam etdirir. Sizcə, Avropa simasında Qərblə Azərbaycan arasında münasibətlər necədir?

- Mən deyərdim ki, ən azı Qafqazda problemlər haqqında ümumi anlayış var. Bu regionda beynəlxalq hüququn aliliyi olmalıdır. Bura Azərbaycanın siyasi suverenliyinin və ərazi bütövlüyünün bərpası daxildir. Bunun əsasında qarşılıqlı anlaşma var. Və təbii ki, Qərb Əfqanıstandakı kimi missiyalarda iştirak etdiyinə görə Azərbaycana minnətdardır.

Amma mən Qərblə Azərbaycan arasında çox sıx əməkdaşlıq görmürəm. Bakı ilə Aİ arasında Aİ ilə assosiasiya sazişi yoxdur. Belə bir sənədi isə Gürcüstan, Moldova, Ukrayna və bir qədər dəyişdirilmiş formada Ermənistan imzalayıb.

Yeri gəlmişkən, Türkiyə Azərbaycanın yaxın müttəfiqidir, Avropa İttifaqı ilə müqaviləsi var, Aİ Gömrük İttifaqının üzvüdür. Beləliklə, Bakı Türkiyə yolu ilə gedə bilərdi.

- Gəlin bir remarka edim - Türkiyə ötən əsrin 60-cı illərindən Avropa Birliyinin “gözləmə zalında”dır. Və 60 il keçib...

- Bu, doğrudur. Amma bu sual daha çox Türkiyəyə verilməlidir. Təxminən 20 il əvvəl üzvlük prosesi başladı, lakin sonra dayandı. Normativ və dəyər bazası - qadınların rolu, hakimiyyət qolları arasında səlahiyyət bölgüsü və s. ilə bağlı hələ də həll olunmamış məsələlər var. Mənə elə gəlir ki, Ankaranın özü bu danışıqları davam etdirməmək və Aİ-nin irəli sürdüyü tələbləri yerinə yetirməmək qərarına gəlib. Amma belə tələblər təkcə Türkiyəyə deyil, Avropa İttifaqına üzv olmaq üçün bütün potensial namizədlərə qarşı irəli sürülür.

Eyni zamanda, inanıram ki, gələcəkdə Brüssel və Ankara Türkiyənin Aİ-yə daxil olması mövzusuna qayıda biləcəklər. Hər halda Türkiyə Cümhuriyyəti Aİ Gömrük İttifaqında iştirak edir və Avropa İttifaqı ilə sıx əlaqələrə malikdir. Və yenə deyirəm, Türkiyənin Aİ ilə əməkdaşlıq təcrübəsindən, hətta Avropa İttifaqına daxil olmadan da Azərbaycan da istifadə edə bilərdi.

Nair Əliyev