130 milyon manatdan çox aliment ödənişi həyata keçirilib - RƏSMİ

18:02 16-12-2021 4

“Son bir il yarım ərzində tələbkarlara 130 milyon manatdan çox aliment ödənişi həyata keçirilib”

milletinsesi.info xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova deyib.

O bildirib ki, icra məmurları bütün çətinliklərə baxmayaraq icra sənədlərinin icrasına xüsusi diqqət yetirirlər:

“Biz maksimum çalışırıq ki, aliment tələbinə dair sənədlərin icrası zamanında təmin edilsin. Çətinliklərə rəğmən maksimum çalışırıq, hər ay rəhbərlik tərəfindən icra sənədlərinin icrası ilə bağlı proseslərə nəzarət həyata keçirilir”.

“Statistik məlumatlara əsasən, hər il olduğu kimi bütün icra sənədləri üzrə məsuliyyətə cəlb edilənlərin böyük əksəriyyəti aliment tələbi ilə məsuliyyətə cəlb ediliblər. Aliment tələbi ilə bağlı sənədlərin icrası zamanı yaranan çətinliklərdən biri vətəndaşların xarici ölkədə yaşamalarıdır.

İcra sənədləri İcra Baş idarəsinə gəlməzdən öncə vətəndaş artıq xarici ölkədə yaşamış olur.

Bununla bağlı görə biləcəyimiz tədbir, icra sənədi icraata daxil olduqdan və yaşayış yeri müəyyən olunmadıqda icra məmurunun qərarı əsasında həmin borclular axtarışa verilir. Ölkə ərazisində axtarışlar həyata keçirilir.

Lakin dövlətlərarası axtarışlarla bağlı aidiyyəti orqanlara müraciət edirik. Bu proses həmin ölkənin polis orqanları tərəfindən şəxsin yeri müəyyən edilərək bizə məlumat verir. Biz tələbkara məlumat veririk ki, prosesin borclunun olduğu ölkənin qanunvericiliyinə dair həll olunması üçün məhkəməyə müraciət etməlidir. Daha sonra Nazirliyin Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsilə proses davam etdirilir”-, deyə K.Əhmədova deyib.

Könül Cəfərli