Bakıda restoranda yanğın olub

15:03 16-12-2021 5

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu ərazisində (Rəşid Behbudov küçəsi) yanğın olması barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan restoranın tüstü bacası 10 poqonometr, elektrik kabeli səkkiz poqonometr və binaya bitişik, sahəsi altı kvadratmetr olan restorana məxsus köməkçi tikili (taxta konstruksiyalardan ibarət) yanıb. Restoranın qalan hissəsi, bitişik digər obyektlər və bina yanğından mühafizə olunub.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən bir nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.