Agentlik karxanaların fəaliyyəti ilə bağlı həyəcan təbili çalır

11:01 16-12-2021 13

“İndiyə kimi 100-ə yaxın karxananın fəaliyyəti dayandırılıb”.

Bunu milletinsesi.info-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib. 

Onun sözlərinə görə, həmin karxanaların bəzilərinin icazə sənədinin vaxtı bitib:

“Bəzilərinin isə icazə sənədləri fəaliyyətində yer verdiyi nöqsanlara görə ləğv edilib. Həmin karxanaların əksəriyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub”.

Sədr qeyd edib ki, istər karxanalarda, istərsə də qum-çınqıl yataqlarında istifadə olunan qurğular köhnə avadanlıqlardır:

“Bunlar heç bir müasir standartlara cavab vermir və təbiətə çox ciddi şəkildə zərər vurur. Eyni zamanda, resurslarımızın səmərəli istifadəsi təmin olunmur. Bu, bir sıra dövlət qurumların - xüsusilə də Fövqəladə Hallar Nazirliyinin nəzarətində olan məsələdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq həyəcan təbili çalmağa başlamışıq. Çünki bu sahədə islahatlar təkcə ekologiyanın qorunması üzərində deyil, həmçinin avadanlıqların yenilənməsi ilə də nəticələnməlidir. Avadanlıq yenilənərsə, sahibkar üçün də yeni imkanlar açılar”.

“Respublikada 1 000-ə yaxın yataq var. Daim həmin yataq ərazilərində müşahidələr aparırıq. Yataqların inventarizasiyası aparılır, orada olan ehtiyatlar qiymətləndirilir. Monitorinq nəticəsində bir çox pozuntu halları, qanunvericilikdən kənar fəaliyyət növləri aşkarlanıb. Bir çox hallarda sahibkarlar normadan artıq hasilat işləri aparırlar. Bu isə qaydaların pozulması deməkdir”, - deyə S.Qurbanov əlavə edib. 

İlhamə Əbülfət