İqtisadi artımın davamı üçün nə etməli?

11:01 15-12-2021 7

Pərviz Heydərov yazır...

Ölkə iqtisadiyyatı 2020-ci ildə pandemiyanın səbəb olduğu enişdən ikiqat artıq çıxıb. Ötən yazı və şərhlərimdə ölkə iqtisadiyyatının pandemiya böhranından çıxdığını və keçən ilki tənəzzülün tamamilə aradan qalxdığını qeyd edəndə bəziləri buna ironiya ilə yanaşmışdılar.

Ümumiyyətlə, opponent fikirdə olanların məndən bir iqtisadçı kimi istədikləri təhlil, şərh və reaksiyanı ala bilmədikləri halda göstərdikləri mövqeyə münasibətdə bildirmək istəyirəm ki, "ağa, qara rəngdədir" deməyəcəm. 2021-ci ilin yanvar-noyabr aylarında ölkədə 80 milyard 688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da iqtisadiyyatımızın bu il Almaniya istehsalı olan “Porsche Cayenne TURBO GT” avtomobilinin 100 km/saatı 0-dan cəmi 3,3 saniyəyə götürməsi sürətilə müqayisə edilə bilər.

Keçən ay yazdığım məqaləmdə də qeyd etmişdim ki, ilin başa çatmasına hələ 1 aydan çox vaxt qalsa da, birmənalı demək olar ki, ölkə iqtisadiyyatı pandemiyanın vurduğu ziyandan artıqlaması ilə çıxıb. Çünki 2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz çox ÜDM istehsal edilmişdi ki, ilin sonuna bu rəqəmin 5 faizi aşacağı aydın görünürdü.

Bir daha xatırladıram ki, keçən ili isə 4,3 faiz enişlə başa vurmuşduq. Halbuki, 2019-cu ilin yekununa görə, 2,2 faiz artım qeydə alınmışdı. Ümumiyyətlə, keçən il yaxşı qurtardıq: pandemiya ilə əlaqədar ÜDM istehsalı həcmi 4,3 faizdən də çox eniş edə bilərdi.

Lakin, hökumətin vaxtında gördüyü tədbirlər və atdığı addımlar nəticəsində pandemiya şəraitinin həm daxildən, həm də xaricdən yaratdığı təzyiq və təsirlər müqavimətlə qarşılaşdığından Azərbaycan kəskin maliyyə itkilərinə məruz qalmayaraq borc istəyən ölkələr sırasına düşmədi.

İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, 2021-ci ilin yekununa ÜDM istehsalının dəyəri 50 milyard ABŞ dollarını keçəcək. Çünki cari ilin ötən 11 ayının nəticələrinə görə, ÜDM-in artım tempi 5,3 faiz təşkil etməklə, qeyri-neft sektorunda bu rəqəm 6,4 faiz olub. 

Dinamikaya rəvac verən məhz qeyri neft-qaz sektorunun inkişafıdır.

Ümumiyyətlə, son illər ərzində bu sahədə müsbət tendensiya və qeyri neft-qaz sektoru üzrə ixracın artmaqda olması ümumi iqtisadi inkişafa və artıma çox böyük təkan verir.

Yeri gəlmişkən, nazir M. Cabbarovun sözləri ilə qeyd etsəm, qeyri-neft məhsullarının ixracındakı artıma gəldikdə, hesabat dövründə bu rəqəm 44 faiz təşkil etdiyindən ilin sonuna qədər bu dinamikanın qalacağı gözlənilir.

Lakin sözüm bunda deyil.

Əsas məsələ odur ki, iqtisadi inkişafda dayanıqlıq əldə etmək lazımdır. Belə ki, birdən-birə 4,3 faiz iqtisadi tənəzzül əldə edən ölkədə növbəti il ərzində 5 faizdən çox yüksəliş əslində, ciddi və ətraflı təhlil tələb edir.

Çünki burada söhbət, əslində böyük və kəskin dalğalanmadan gedir. Ortada möhkəm dayanıqlıq olmasa bu cür dalğalanmalarda ciddi fəsadlar törəyə bilər.
Ən azı sosial aspektdə...

Ötən şərhimdə də yazdım ki, keçən il pandemiya şəraiti ilə əlaqədar fəaliyyətləri məhdudlaşdırılan və basqı altına alınan iqtisadiyyatın əsas generasiya vasitələri və ümumən təklifi formalaşdıran əsas istehsal sahələri də gələn il tam şəkildə əvvəlki vəziyyətlərinə qayıdacaq, ümumi iqtisadi dövriyyədə pandemiyaya qədərki güclərini bərpa edəcəklər. 

Nəticədə həm kənarda, həm də daxildə cari ilin əvvəlindən bu günə qədər ardıcıl müşahidə edilən qiymət artımı prosesi də səngiyəcək. Və bu da iqtisadi artıma bir az da əlavə güc qatmaqla, iqtisadi artımı davam etdirəcək. 

Ümumiyyətlə, İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən 2022-ci ildə ölkədə real ÜDM 3,9 artaraq artaraq 86,6 milyard manata çatacaq ki, bu zaman, gələn il qeyri-neft ÜDM üzrə 4,9 faiz, neft üzrəsə 1,8 faiz artım olacaq.

Yuxarıda qeyd etdim ki, birdən-birə 4,3 faiz iqtisadi tənəzzül əldə edən ölkədə növbəti il ərzində 5 faizdən çox yüksəliş əslində, ciddi və ətraflı təhlil tələb edir. Çünki bu, əslində böyük və kəskin dalğalanmadır. Bu, ciddi risk xarakteri daşıyır.

Odur ki, yeni ildən əmək müqaviləsi ilə çalışanların əksəriyyətinin əməkhaqqılarının artırılacağını, bunun 1 milyonadək işçini əhatə edəcəyini, minimum əməkhaqqında və s. artım olacağını, ümumən, 2 milyondan çox insanı əhatə edəcək pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar olacağını nəzərə alaraq, iqtisadiyyatda şəffaflıq genişlənməli, kölgə iqtisadiyyatına qarşı mübarizə gücləndirilməklə, açıq rəqabət mühiti yaratmaqla dövlət büdcəsinə proqnozlaşdırılan gəlirlər, o cümlədən, qeyri-neft sektorundan vergilər artıqlaması ilə təmin edilməli və iqtisadi yüksəlişin dayanıqlı xüsusiyyət kəsb etməsinə nail olunmalıdır.