Mingəçevirdə “Güclü Atalar, Güclü Qızlar” layihəsi çərçivəsində festival keçirildi - FOTO

18:03 14-12-2021 10

“Güclü Atalar, Güclü Qızlar” - qız övladlarının dəyərinin təşviqi və qızların səlahiyyətləndirilməsi layihəsi çərçivəsində dekabrın 10-da Mingəçevir şəhərində festival təşkil olunub.

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunan festivala iki yüzdən çox şəhər sakini qatılıb.

Festivalın keçirilməsində əsas məqsəd müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı, atalar və qız övladları arasında emosional və mənəvi əlaqələrin artırılması, onların birgə vaxt keçirmələri və əylənmələri üçün mühitin yaradılması, Azərbaycanda oğlan övladlara üstünlük verilməsinin yaxın gələcəkdə yaradacağı fəsadlar barədə məlumatlılığın artırılması, qız övladlarının dəyərinin aşılanması və qızların səlahiyyətləndirilməsinin təbliğidir.

Festivalda bir-birindən maraqlı musiqili proqramlar, dj-şou, rəqs nümayişləri, yarışlar və müxtəlif uşaq oyunları keçirilib. Festivalın iştirakçısı olan atalar qızları ilə birgə pazl qurmaq, qızları üçün parçadan paltar hazırlamaq kimi yarışlarda iştirak edərək sonda hədiyyələr qazanıblar.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində əvvəlcə Mingəçevir və Lənkəran şəhərlərində “Qız övladlarının dəyərinin təşviqi və qızların səlahiyyətləndirilməsi” mövzusunda təlimlər keçirilib və layihənin davamı olaraq festivalların keçirilməsinə start verilib.