Xoreoqrafiya Akademiyasının bir qrup əməkdaşı rektor əvəzindən nazirə şikayət edib

17:01 14-12-2021 6

Bakı Xoreoqrafiya Akademiyasının təhlükəsizlik səbəbindən adlarının çəkilməsini istəməyən bir qrup əməkdaşı mədəniyyət naziri Anar Kərimova açıq məktub ünvanlayıb.

“Report” xəbər verir ki, məktubda müvəqqəti olaraq rektorun səlahiyyətlərini icra edən Nailə Məmmədzadənin akademiyanın professor-müəllim, inzibati və texniki-köməkçi heyətinin bir sıra nümayəndəsinə qarşı qərəzli mövqe nümayiş etdirdiyi iddia olunur.

Şikayətdə qeyd edilib ki, akademiyada mütəmadi olaraq iclas adı ilə toplantılara çağırılan əməkdaşların üstünə hücum çəkilir: 

“Əvvəlki rəhbərliklə çalışan əməkdaşlar Nailə Məmmədzadənin rektor əvəzi seçildiyi gündən əsassız olaraq Əmək Məcəlləsinin ən xoşagəlməz maddələri ilə işdən azad olunacaqları ilə hədələnir. Bununla yanaşı, illər boyu əməkdaşların onsuz da az olan əməkhaqqıları bir az da azaldılaraq, rəhbərlikdə təmsil olunan şəxslərin rəfiqə, qohum və dostları qismində yeni təyin olunanların məvaciblərinə iki, üç və hətta dördqat həcmdə əlavə olunur.

Əmək Məcəlləsində nəzərdə tutulan 8 saatlıq iş günü çərçivəsində laborant və operatorlara şişirdilmiş dərs yüklərinin verilməsi və bundan irəli gələn maliyyə pozuntuları, eyni zamanda, tədris işləri üzrə prorektor vəzifəsini icra edən Yeganə Tapdıqova, tədris şöbəsinin müdir müavini Mirələskər Aslanov, eləcə də kollecin direktoru Tahir Eynullayevin iş günü ərzində akademiyada cəmi 2-3 saat olması və başqa təhsil müəssisələrində digər işlərlə məşğul olmaları Bakı Xoreoqrafiya Akademiyasında təlim-tərbiyə və tədris prosesinin kobudcasına pozulmasına gətirib çıxarıb”.

Məsələ ilə bağlı Bakı Xoreoqrafiya Akademiyasından “Report”un sorğusuna cavab olaraq bildirilib ki, akademiyanın rəhbərliyi və kollektivi ilə bağlı yazılanların heç biri həqiqəti əks etdirmir: “Bütün qeyd olunan məqamlar böhtan xarakterlidir”.

Mədəniyyət Nazirliyi akademiya əməkdaşlarının şikayəti ilə bağlı sorğunu cavablandırmayıb.