Qurban Qurbanov 11-ci dəfə ilin ən yaxşı məşqçisi seçildi

17:01 14-12-2021 3

Azərbaycanda 2021-ci ilin ən yaxşı futbol məşqçisinin adı açıqlanıb.

milletinsesi.info xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2021-ci ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da Qurbanov 11-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.

Sorğuda iştirak edənlərdən 4-ü “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova, 3-ü “Neftçi”yə son mövsümdə Azərbaycan çempionluğunu qazandıran Samir Abbasova, 2-si isə “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasova səs verib. “Keşlə” ilə son mövsümdə ölkə kubokunu qazanan Sənan Qurbanova səs verən olmayıb.

“Qarabağ” son mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionatında 2-ci yeri tutmuşdu və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Ağdam komandası bu il mübarizə apardığı UEFA Konfrans Liqasında qrup mərhələsini aşaraq, tarixində ilk dəfə olaraq pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, milletinsesi.info-ın əməkdaşı Səbuhi Musayev də Qurban Qurbanova səs verib.