Kliniki Tibbi Mərkəzin direktoru: “Yolavermə kampaniyası bitib”

14:01 14-12-2021 4

“Vicdanı susmuş bəzi həkimlər və jurnalistlər var ki, onlar icbari tibbi sığortanın fəaliyyətinə kölgə salmaq məqsədilə şou yaratmağa çalışırlar”. 

milletinsesi.info xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirməsində medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusunda təlimdə deyib.

O deyib ki, bəzi həkimlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı doğru olmayan xəbərlər verirlər: 

“Bəzi həkimlər var ki, dövlətdən əlavə maaş istəyir. Amma müəyyən bir zaman kəsiyinin statistikasına baxanda görürsən ki, o həkimin tibbi fəaliyyətini göstərən nəticələr yoxdur. Hətta sıfırdır. O həkimə yüksək əməkhaqqı verilir ki, onun tibbi fəaliyyəti qənaətbəxşdir. Misal olaraq, Kliniki Tibbi Mərkəzdə 12 min manat əmək haqqı alan cərrahlar, 5 min manatdan artıq maaş alan mama-ginekoloqlar var. Hətta 300 manat maaş alan mama-ginekoloq da var. Hansı ki, onun son altı aydakı əməliyyat sayı sıfırdır. Həmin həkimə deyirəm ki, sənin bir qohumun belə yoxdur ki onu müayinə edəsən?! Deməli öz qohumları belə onlara etibar etmir. Belə olan halda başqası onun yanına niyə gəlsin?! Hətta bəzi dövlət rəsmiləri zəng edib deyir ki, onu yola ver. Bildirirəm ki, artıq yolavermə kampaniyası bitib. Vətəndaş məmnunluğu lazımdır. Bəzən deyirlər ki, agentlik suallara cavab vermir, maliyyə çatışmır. Yenə də deyirəm, maliyyə vəsaiti kifayət qədərdir. Özəl tibb müəssisələri ilə kifayət qədər müqavilələr imzalanıb”. 

K.Ələkbərov onu da qeyd edib ki, vətəndaşlar müraciət edərək ailə həkimini bir dəfə dəyişə bilərlər: 

“Amma vətəndaş mütləq ailə həkiminə müraciət etməlidir. O bilmir ki, hansı ixtisas üzrə həkimə yaxınlaşmalıdır. Burada ərazi prinsipi mütləq vacibdir”. 

K.Ələkbərov altı ay ərzində 1 saylı Kliniki Tibbi Mərkəzdə bu günə qədər mövcud olmayan urologiya və neyrocərrahiyyə şöbələrin fəaliyyətə başladığını və bura bir çox özəl xəstəxanalardan həkimlərin cəlb olunduğunu da qeyd edib: 

“Bu şöbələrdə kifayət qədər peşəkar həkimlər çalışır və gün ərzində 10-15 cərrahi əməliyyat həyata keçirilir. Altı ay bundan əvvələ qədər klinika gündəlik həyata keçirilən əməliyyatların sayına görə, region xəstəxanalarını xatırladırdı. Lakin bu gün klinikada gündəlik əməliyyatların sayı 35-di. Zəruri olan bir sıra tibbi cihazlarla təmin olunduqdan sonra gündəlik əməliyyatların sayı 50-yə çatdırılacaq”.

Könül Cəfərli