Qum-çınqıl hasilatı sahəsində qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara rast gəlinir - AÇIQLAMA

13:02 14-12-2021 3

“Müvafiq qurumların ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi tənzimləyici tədbirlər başa düşüləndir. Eyni zamanda, bu sektorla bağlı olan və yerli xammala əsaslanan tikinti materiallarının istehsalı, eləcə də işğaldan azad edilmiş ərazilərdə tikinti sektorunda olan potensial canlanmanı nəzərə alaraq, artan tələb və məhdudlaşdırıcı tədbirlər fonunda qiymətlər yüksəlir”. 

milletinsesi.info-ın məlumatına görə, bunu “Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri” mövzusunda keçirilən tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib.

Onun sözlərinə görə, bu sahədə aparılan islahatlar və tənzimləyici tədbirlərin xarakteri və əhatə dairəsi qısa, orta və uzunmüddətli olmaqla müəyyən edilməli, biznes strukturlarına alternativ imkanlar təklif edilməli və bu barədə maarifləndirici və izahedici tədbirlərin intensivliyi artırılmalıdır:

“Daxil olan məlumatlara istinadən qeyd etmək istərdim ki, qum-çınqıl hasilatı sahəsində qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə də rast gəlmək mümkündür. 

Bu isə öz növbəsində haqsız rəqabətə, eləcə də kifayət qədər sərmayə qoymuş və leqal fəaliyyət göstərən biznes strukturlarının fəaliyyətinə təbii olaraq əngəllər yaradır. Düşünürük ki, bu məsələ də diqqət mərkəzində saxlanılmalı, nəzarət tədbirləri bütün bazar iştirakçıları üçün eyni prinsiplər əsasında həyata keçirilməli, başqa sözlə, sektorun kölgədən çıxışı təşviq edilməli və sahibkarlarımız şəffaflıq prinsipi əsasında fəaliyyətini təşkil etməlidir”. 

“Bəzi hallarda müvafiq sahələr üzrə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı çətinliklər müşahidə olunur. Buna səbəb kimi torpağın təyinatı, ərazinin istismara qəbulu və müvafiq hüquq müəyyənedici sənədlərin əldə edilməsi üzrə mürəkkəb prosedurların olması əsas gətirilir.  Müvafiq sahədə istismar üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydalar barədə məlumatsızlıq, başqa sözlə, maarifləndirmə işlərinin yetərsizliyi, bəzən sahibkarlıq subyektləri üçün inzibati hüquq pozuntularına və cərimələrin tətbiqinə, daha sonra isə məhkəmə çəkişmələrinə gətirib çıxarır ki, bu da öz növbəsində vaxt və maliyyə itkilərinə şərait yaradır. 

Qeyd olunan problemlərin öyrənilməsi və bu sahədə müvafiq işlərin görülməsi məqsədilə aidiyyəti qurumların, Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının və KOBİA nümayəndələrindən ibarət yanında işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən ölkə üzrə fəaliyyət göstərən karxanalarda monitorinqlərin təşkil edilməsi, sahibkarlıq subyektləri ilə görüşlərin keçirilməsi və müvafiq hesabatın hazırlanması nəzərdə tutulur. Bu sahənin inkişafını şərtləndirən amillərdən biri də yeni maliyyələşmə mexanizmlərinin tətbiqi ilə müasir hasilat və istehsal proseslərinin qurulmasına, qabaqcıl texnologiyaların idxalı vasitəsi ilə səmərəliliyin artırılmasına və son məhsulun maya dəyərinin aşağı salınmasına təkan verməkdən ibarətdir.

Bununla əlaqədar qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş yeni qaydalara əsasən avadanlıqların alınması üçün güzəştli kreditlərin şərtləri müəyyən edilsə də, müvəkkil kredit təşkilatları tərəfindən bu mexanizmin tətbiqində maraq müşahidə edilmir. Bu da öz növbəsində istehsal avadanlıqlarının yenilənməsində görülən işləri məhdudlaşdırır. Düşünürəm ki, bugünkü tədbirdə bu istiqamətdə də müzakirələr aparılsa, yeni yolların tapılmasında və mexanizmlərin təkmilləşdirilməsində mühüm rol oynaya bilər”, - deyə o qeyd edib.

İlhamə Əbülfət