Orxan Nəzərli Vergi Məcəlləsinə dəyişikliklərin investorlar üçün əhəmiyyətindən DANIŞDI

13:01 14-12-2021 4

“Yerin təki istifadəçilərinə əlverişli şəraitin və investisiya mühitinin yaradılması ilə bağlı bu il vergi qanunvericiliyinə bir sıra dəyişikliklər edilib”. 

milletinsesi.info-ın məlumatına görə, bunu “Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri” mövzusunda keçirilən tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib. 

O qeyd edib ki, bu günlərdə Milli Məclis Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanunu qəbul edib:

“Bu qanunda dağ-mədən sektorunda yerin təki istifadəçiləri ilə bağlı da bir sıra dəyişikliklər nəzərə alınıb. Belə ki, investorlar üçün vergi və maliyyə yükünün azaldılması, sektorda investisiya mühitinin cəlbediciliyinin artırılması, habelə hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər təklif edilib və müvafiq razılaşdırmalardan keçərək qəbul edilib.

Belə ki, dəyişiklikliyə əsasən, geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedici sənədlər əsasında 75 faiz azaldılacaq ki, bu da investorlar üçün vergi və maliyyə yükünün azaldılması ilə gələcək hasilatadək xərclərin optimallaşdırılması imkanı yaratmış olacaq. Nəzərə alınsa ki, hazırkı dövrdə hasilat sənayesi üçün əlverişli olan işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi nəzərdə tutulur, bu zaman sözügedən güzəştlər investorların maraqlarına xidmət edən təşviq aləti kimi çıxış edəcək”. 

“Qanunvericiliyə edilmiş digər bir dəyişiklik neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləğinin həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə hesablanması və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla azaldılmasıdır. Bununla da filiz və qeyri-filiz faydalı qazıntılar hasil edən vergi ödəyiciləri real sektorun iştirakçıları olduğundan, habelə tikinti sektorunda və sement istehsalı sahəsində xüsusi əhəmiyyət daşıdığından, bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin xərclərinin vergi yolu ilə optimallaşdırılmasına və maya dəyərinin azaldılmasına xidmət edəcək. Eyni zamanda növbəti il üçün Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisinin dövlət vergilərinə aid edilməsi nəzərdə tutulur.

Yerli əhəmiyyətli tikinti materiallarının dövlət vergilərinə aid edilməsində əsas məqsəd faydalı qazıntıların bütün növləri üzrə vergilərin dövlət büdcəsinə ödənilməsi ilə vahid yanaşmanın tətbiq edilməsi, vergidən yayınma hallarının aradan qaldırılması, təbii sərvətlərdən istifadənin nəzarət edilə bilən olması ilə bağlıdır”, - deyə o qeyd edib.

İlhamə Əbülfət