Mikayıl Cabbarov: “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi regionda yeni iş imkanları açıb”

13:00 14-12-2021 4

“Azərbaycan ərazilərinin işğaldan azad edilməsi regionda yeni iqtisadi əməkdaşlıq imkanlar açıb”.

milletinsesi.info xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda deyib. 

Nazir Forum iştirakçılarını salamlayıb və qonaqlara pandemiyaya baxmayaraq təşrif buyurduqları üçün təşəkkür edib: 

“Bunu üçtərəfli əməkdaşlığımıza verilən dəyərli töhfə kimi qiymətləndiririk. Forum ölkələr arasında qarşılıqlı sərmayələrin artırılmasında əhəmiyyətli addımdır”. 

Nazir qeyd edib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi regionda yeni iqtisadi və iş imkanları açıb: 

“Bu gün region dövlətləri arasında çoxşaxəli platformaların yaradılması və hər bir tərəfin bundan yararlanması üçün əlverişli şərait yaradılıb.

Ötən dövr ərzində qardaş Türkiyə ilə münasibətlər genişlənib, xüsusilə iki dövlət arasında Şuşa Bəyannəməsinin imzalanması münasibətləri yeni bir mərhələyə daşıyıb. 

Növbəti ildə də qarşılıqlı ticarət və investisiyaların artırılması gündəmdə olacaq. Bu istiqamətdə artıq bir çox memorandum və sənədlər imzalanıb”.

Nigar Məmmədova