Şöbə müdiri: “Xidmətlər Zərfində il ərzində 300 əməliyyat keçirilməsi limiti qoyulub”

12:06 14-12-2021 3

“Azərbaycanda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində il ərzində 300 sayda əməliyyat keçirilməsi limiti qoyulub. Bu agentliyin ölkə üzrə göstərdiyi məhdud xidmətlər sırasındadır”.

milletinsesi.info xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirməsində medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusunda təlimdə deyib.

O bildirib ki, limitlər həm koxlear, həm də oynaqdaxili protezlərin yerləşdirilməsi ilə bağlı cərrahi əməliyyatlara aiddir:

“Oynaqdaxili protezlərə bud və diz oynağı aiddir. Gələcəkdə həmin xidmətlərin limit sayının artırılması da planlaşdırılır”. 

Şöbə müdiri onu da xatırladıb ki, Xidmətlər Zərfinə aid xidmətlərin siyahısının artırılması ilə bağlı hökumətə təkliflər göndərilib:

“Hazırda həmin zərfə 2 550 xidmət daxildir. Yeni siyahıya daha 300 xidmətin əlavəsi nəzərdə tutulub. Zərfdən hər hansı xidmətin çıxarılması planlaşdırılmır, sadəcə müəyyən təsnifat kodları dəyişdirilə bilər”.

Könül Cəfərli