Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumu keçirilir

12:05 14-12-2021 3

Bu gün Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumu öz işinə start verib. 

milletinsesi.info-ın məlumatına görə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumun açılışı Bakı Konqres Mərkəzində baş tutur. 

Tədbirin açılışını Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO​) rəhbəri Yusif Abdullayev edərək iştirakçıları salamlayıb və forumun mahiyyəti barədə məlumat verib. 

Daha sonra Gürcüstan Ticarət Palatasının Prezidenti Giorgi Pertaia və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nail Olpak forumun əhəmiyyəti haqqında fikirlərini səsləndiriblər. 

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava və Türkiyənin ticarət naziri Mehmet Muşun çıxış etməsi gözlənilir. 

Forum çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstanın ticarət və sənaye palataları arasında memorandumun imzalanması planlaşdırılır.

Qeyd edək ki, bu il paytaxt Bakı sayca VI Foruma ev sahibliyi edir.

Nigar Məmmədova