Deputat: “DSX-nin helikopteri qəzaya uğrayandan sonra təxribatçı fikirlər ortaya atıldı”

12:03 14-12-2021 4

“Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri qəzaya uğrayandan sonra bir sıra təxribat xarakterli fikirlər ortaya atıldı”. 

milletinsesi.info xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. 

O bildirib ki, kimlərsə helikopter qəzasının nəticəsini başqa ölkəyə qarşı yönəltdi. 

“Qəzadan sağ-salamat çıxan ekipaj üzvlərinə qarşı da kəskin fikirlər gördük. Onları mühakimə edirlər, bu yolverilməzdir. Qarakənd faciəsi ilə Qaraheybət faciəsi arasında paralellik aparmaq cəhdlərinin arxasında isə başqa məqsədlər dayanırdı”, - deyə Zahid Oruc əlavə edib. 

Deputatın sözlərinə görə, qəzadan sonra bütün güc strukturları koordinasiyalı şəkildə fəaliyyətlərini həyata keçiriblər. 

Qeyd edək ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Aqşin Kərimov