Qiymətli metalların satışından ölkə iqtisadiyyatı nə qədər gəlir əldə edib?

11:10 14-12-2021 5

“AzerGold” QSC fəaliyyət dövrü ərzində 285 min unsiya qızıl, 560 min unsiya gümüşün ixracına nail olub”. 

milletinsesi.info-ın məlumatına görə, bunu “Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri” mövzusunda keçirilən tədbirdə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib. 

Onun sözlərinə görə, bu illər ərzində qiymətli metalların satışından ölkə iqtisadiyyatına 755 milyon manat cəlb edilib:

“Beş il ərzində vergi və sosial ödənişlər qismində dövlət büdcəsinə 72,2 milyon manat məbləğində vəsait ödənilib. Fəaliyyətə başladığı dövrdən mənfəətlə çalışan Səhmdar Cəmiyyətin audit olunmuş maliyyə hesabatına əsasən ötənilki xalis mənfəəti 82 milyon manat təşkil edib. Qarşıya qoyulan illik hasilat, ixrac və satış hədəflərinin təmin olunması başa vurmaqda olduğumuz 2021-ci ildə də müsbət tendensiyanın qorunub saxlanılacağına əsaslar yaradır”. 

Sədr qeyd edib ki, hazırda “Çovdar”, “Ağyoxuş 1” və “Mərəh” qızıl yataqlarında hasilat aparır: 

“Paralel olaraq bir neçə yatağın yaxın illərdə istismara verilməsi üçün müvafiq işlər görülür. Belə ki, hasilat işləri ilə yanaşı, ehtiyatların artırılması istiqamətində intensiv kəşfiyyat və tədqiqat işləri demək olar ki, fasiləsiz davam etdirilir. Fəaliyyət dövrü ərzində 222 min metrə yaxın buruqqazma işləri həyata keçirilib. Cəmiyyət tərəfindən reallaşdırılan müvafiq tədqiqatlar nəticəsində istismarına hazırlıq görülən yataqların əlvan metal resursları qəbul edilmiş beynəlxalq standartlara əsasən, qızıl ekvivalentində 179 min unsiyadan 4 milyon 447 min unsiyaya qədər, ümumilikdə 24 dəfə artırılıb”.

“AzerGold” geoloqları tərəfindən kəşf edilən “Ağyoxuş 1”, həmçinin “Mərəh” nisbətən kiçik yataq hesab edilsə də, onların “Çovdar” mədəninə yaxınlıqda yerləşməsi müstəqil olaraq istismarı səmərəsiz olan bu yataqların əlavə kapital qoyulmadan, yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır. Adları çəkilən yataqlardan hasil edilən filizlər hazırda “Çovdar” Filiz Emalı Sahəsinin bazasında yaradılan “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsində emal edilir. Gələn ildən etibarən istismarına başlanılacaq “Tülallar” yatağı da bu siyahıya əlavə ediləcək”, - deyə o qeyd edib.

İlhamə Əbülfət